BMTdə Azərbaycanın sədrliyi ilə sessiya keçirilib FOTO


Digərləri 08 Apr 2019 19:29:08 275 0

BMTdə Azərbaycanın sədrliyi ilə sessiya keçirilib  FOTO

İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, hökumətlərarası ekspert qrupunun əsas məqsədi elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafından maksimum faydalanmanı təmin etmək, bununla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə inkişafı gücləndirməkdir.

100-dən artıq ölkənin təmsil olunduğu ekspert qrupunun iclasında dünya iqtisadiyyatında rəqəmli məlumatların artan rolu, məlumatların təhlili və süni intellekt üzrə imkanların gücləndirilməsi, elektron ticarət və rəqəmli iqtisadiyyatda məlumatların rolu, rəqəmli məlumatlar, onların inklüziv ticarət üçün əhəmiyyəti, sahə üzrə tənzimləyici məsələlər və çətinliklər kimi mövzular müzakirə edilib.

Hökumətlərarası ekspert qrupunun açılış sessiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov sədrlik edib. Xatırladaq ki, ötən ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi qrupun sədri seçilmişdi.


Xəbərə aid fotolar