Bakıda TÜRKPA komissiyasının iclası keçirilib


Siyasət 08 Apr 2019 18:15:00 225 0

Bakıda TÜRKPA komissiyasının iclası keçirilib

Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA Katibliyinin əməkdaşları iştirak ediblər.

İclası açan komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirib ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir. Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Levent Karahocagil bildirib ki, hesabat layihəsi komissiya üzvlərinə paylanıb. O qeyd edib ki, yeni texnologiyalar istehsal prosesinə əhəmiyyətli dərəcədə töhfə verə bilir.

M.Karahocagil bildirib ki, texnologiyanın inkişafı elmsiz mümkün deyil. Bunun üçün də texnologiyanın inkişafına kömək edə biləcək yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır. Qeyd olunub ki, türk dünyasının vahid İş Şurasının yaradılması prezidentlərin də razılaşdığı bir məsələdir.

Hesabatın müzakirəsi zamanı çıxış edən Qırğızıstandan olan ekspert Şarabidin Amatov öz ölkəsində yeni texnologiyaların tətbiqi vəziyyəti barədə məlumat verib. O, təbii sərvətlərdən düzgün istifadə etmək üçün Qırğızıstanda yeni texnologiyaların tətbiqi üçün görülən işlərdən danışıb.

Müzakirələr zamanı çıxış edən Qazaxıstan Senatının üzvü Sarsenbay Yensegenov, Azərbaycan Milli Məclisinin üzvü İlham Əliyev, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov hesabat layihəsi barədə qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda "Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq" mövzusunda tövsiyə qərarı qəbul olunub. İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.

Tədbirə yekun vuran komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin üzvü Salaidin Aydarov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.

Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən 7-ci iclası başa çatıb.