Cahangir Hacıyevin məhkəməsində departament direktoru: "Kreditlərin verilməsində müəyyən pozuntular olurdu"


Digərləri 08 Apr 2019 14:13:00 242 0

Cahangir Hacıyevin məhkəməsində departament direktoru: "Kreditlərin verilməsində müəyyən pozuntular olurdu"

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Məmmədzadə ifadə verib.

O, hazırda Beynəlxalq Bankın Nağdsız hesablaşmalar departamentinin direktoru vəzifəsində çalışdığını söyləyib: "Bankda bəzi hallarda kreditlər tapşırıqla ayrılıb. Həmin vaxt da mən Kreditorlar komitəsinin üzvü idim. Tapşırıq verilmişdi ki, Dünyamin Xəlilova məxsus şirkətlərə - "Səbail Mebel" MMC-yə və digərlərinə kredit verək. Ancaq kretirlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Lakin bəzi istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu. Mən də bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Əsasən göstərişləri Akif Əliyev verirdi. O da deyirdi ki, rəhbərliyin sifarişidir, ancaq rəhbərlik deyərkən konkret kimi nəzərdə tutduğunu bilmirəm".

Məlum olub ki, şahid ali təhsil almadan bankda mühüm vəzifələrdə çalışıb.

Daha sonra digər şahid Fuad Kərimov dindirilib. O 2013-cü ilin yanvarından 2015-ci ilədək Bankın Baş xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışdığını qeyd edib: "İşim, əsasən Bankda veksel əməliyyatları aparmaq olub".

Prosesdə şahid Akif Əliyev də ifadə verib. O bildirib ki, 1990-cı ildən 2017-ci ilədək Bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kreditorlar komitəsinin sədri, 2011-2015-ci illərdə Bankın baş direktoru, daha sonra Problemli kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir.