Bakıda 5 küçənin təmiri yekunlaşıb (FOTO)


Digərləri 08 Apr 2019 11:52:42 201 0

Bakıda 5 küçənin təmiri yekunlaşıb (FOTO)

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.

Bakı. Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5.3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu hər birinin uzunluğu 1.6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, bu küçələri birləşdirən 0.4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0.7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir. Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.