Maqnus Karlsen "ShamkirChess"in dördqat qalibi ola bilər - VIII tur


İdman 08 Apr 2019 09:53:00 235 0

Maqnus Karlsen "ShamkirChess"in dördqat qalibi ola bilər - VIII tur

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində bu gün VIII turun görüşləri keçiriləcək.

Goal.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ağ fiqurlarla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla son pillədəki Aniş Giri ilə görüşəcək. Artıq turnirin qalibi olma şanslarını Rəcəbov böyük ölçüdə, Məmmədyarov isə tamamilə itirib. Hər iki qrossmeyster son 2 turda ilk qələbə üçün yarışacaqlar.

Turun mərkəzi görüşündə isə rusiyalı Sergey Karyakin ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Karlsen qələbə qazansa, sona bir tur qalmış dördüncü dəfə "ShamkirChess"in qalibi adını qazanacaq.

Qeyd edək ki, 7 turdan sonra Maqnus Karlsen 5 xalla 1-ci, Sergey Karyakin 4,5 xalla 2-ci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3 - 8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

"ShamkirChess 2019"

VIII tur

8 aprel

Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç)

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan)

Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya)

Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Bütün görüşlər saat 15:00-da başlanacaq.