"Nə qədər sağam, rejissorlar məndən istifadə etsinlər" FOTO


Kriminal 07 Apr 2019 22:25:00 262 0

"Nə qədər sağam, rejissorlar məndən istifadə etsinlər"  FOTO

Natiq Fərəzliyev: "Müğənnilər həm oxuyur, həm də tamaşalarda rol alırlar, aktyorlara da ehtiyac qalmır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla söhbətimiz maraqlı keçdi. Çünki heç bir kompleksi yoxdur, rahat insandır, istənilən mövzuda sərbəst danışır. Qonağımız  istedadlı aktyor Natiq Fərzəliyevdir. Biz onu "Bala başa bəla", "Yarımştat" televiziya tamaşalarından daha yaxşı tanıyırıq. Gənc Tamaşaçılar Teatrında biri-birindən maraqlı obrazları ilə də teatrsevərlərin qəlbində xüsusi bir taxta sahibdir. İndi isə Bakı Uşaq Teatrında yeni bir tamaşa üzərində çalışır. Müsahibimizlə keçmişə səyahət etdik, amma günümüzün problemlərindən də danışdıq. Boyunun kiçik olması ilə diqqət çəkən aktyor  bildirir ki, onun əkiz tayı olan bacısının boyu 1 metr 80 santimetrdir.  Hətta yarızarafat, bacısının onun payına sahib çıxdığını da deyir.

- Natiq bəy, simanız tanınır, tamaşaçılar arasında xeyli populyarsınız. Bu da hər aktyora qismət olmur.

- Əlbəttə ki, bu, mənim uğurumdur.  Tamaşaçılar tərəfindən sevilməyin özü də bir şansdır. Gənc ikən "Karvan" qrupunun "Polismen" klipində çəkildim.  Ondan sonra istedadlı rejissor Şərif Qurbanəliyevin "Bala başa bəla", "Yarımştat" teletamaşalarında çəkilmək mənə uğur gətirdi. O illər bu tamaşalar ancaq bir kanalda nümayiş olunurdu. Bu qədər kanallarımız yox idi. İndi kanallarımızın sayı çoxdur, amma tamaşaçılar öz kanallarımıza baxmırlar.   - Televiziyanın dadı-duzunun məhz həmin tamaşalarla getdiyinimi iddia edirsiniz?

- Gərək səmimi danışaq, bəlkə də o dövrdə yalnız bir telekanal  fəaliyyət göstərirdi, ona görə hər şeyin ən gözəlini, yaxşısını seçməyə çalışırdılar.  Özəl kanalları da qınamlı deyil, onlar sponsorların hesabına fəaliyyət göstərirlər, reytinqə görə çalışırlar.  O televiziya tamaşaları indi çəkilmir. Mən kanallarımıza ancaq xəbər saatlarında  baxıram. Nə qədər əyləncə və ucuz şouya baxmaq olar? Bir verilişə qonaq kimi dəvət olunuruq, fasilə zamanı deyirlər ki, kiməsə söz atın, qalmaqal yaradın. Axı mən bu işin adamı deyiləm. Niyə mən qalmaqal  yaratmalıyam? Deyir onda sponsor pul vermir,  reytinq düşür. Belə bir vəziyyətdə efirdə iştirak edirsən, pis adam olursan, etmirsən də unudulursan. Bayramlarda da ki, əvvəllər aktyorlar dəvət alırdı, bayram üçün tamaşalar, səhnəciklər hazırlanırdı. İndi bayram günləri də efirə müğənniləri dəvət edirlər. Müğənnilər həm oxuyur, həm də tamaşalarda rol alırlar, aktyorlara da ehtiyac qalmır.    - Sizcə, niyə bayram günlərində hazırlanan şənliklərə ancaq müğənniləri dəvət edirlər?

- Əsas səbəb maliyyənin başında dayanır. Aktyoru dəvət edəndə ona müəyyən məbləğdə pul ödənilir. Elə buna görə də üstünlüyü müğənnilərə verirlər.    - Bəlkə müğənninin verdiyi reytinqi aktyor  verə bilmir? Səbəb bu ola bilərmi?

- Təbii ki, bu gün gündəmdə olan məhz onlardır. Biz öz işimizlə məşğuluq. Tamaşalarımız  oynayır, seriallara dəvət alanda gedib çəkilirik.   - Bəs bu  gündəmi yaradan kimlərdir?

- Özləri.   - Necə?

- Aralarında  süni qalmaqallar yaradırlar. 5 dəqiqənin içində bir qalmaqal yaradıb, olurlar məşhur, reytinqlərdən düşmürlər.    - Cahangir Novruz son müsahibəsində "bu gün ərsəyə çıxmaq, məşhur olmaq istəyənlərin çoxunun xisləti iyrəncdir" deyib. Onun fikirləri ilə razısınızmı?

- Bu gün sənəti ilə məşhur olanlar var? Varsa da, onlar barmaqla sayılası qədərdir.  Ömrünü teatra həsr edən, bu yolda canını fəda edən insanlar, bu məşhurluğu çətinliklər bahasına əldə etsələr də, bəziləri yüngüllük etməklə və ya başqa əməllərlə, sosial şəbəkələrin hesabına bir saniyədə tanınırlar.    - Hər aktyorun yaradıcılığının dönüş nöqtəsi var. Misal üçün, Valeh Kərimov uzun müddət teatrda çalışdı, ancaq tamaşaçılar onu Moşu obrazına görə tanıdılar. Bəs sizin  yaradıcılığınızın dönüş nöqtəsi kimi hansı obrazınızı göstərə bilərik?

- Hələ yaradıcılığım qabaqdadır (gülürük). Mən bu fikirlə razılaşmıram, çünki canlandırdığım bütün obrazlarım mənim üçün dəyərlidir. Hər birində özümdən oraya nələrsə əlavə etmişəm. Canlandırdığım obrazları biri-birindən ayır edə bilmərəm... "Tıq-tıq xanım" tamaşasında  Xan obrazını canlandırıram. Uşaqlar o tamaşanı çox sevir, hətta  məni şəhərdə görəndə ya Xan, ya da Şirxan deyə səsləyirlər. Yaxud da  "Onun iki qabırğası" tamaşasındakı  professor obrazım daha məşhurdur.

- Həmin obrazı xatırlayıram. Bu gün o gülüş də qalmayıb. Niyə sizi komediya janrında çəkilən filmlərdə, seriallarda görmürük?

- Bu gün insanların zövqü korlanıb. Adi bir şit hərəkətə gülmək dəbdədir. Hər şey peşəkar səviyyədə olmalıdır. Əgər tamaşaçını güldürmək istəyirsinizsə, bunun ucuz gülüşlə etməyin tərəfdarı deyiləm. Təbii ki, hər şey rejissordan asılıdır. Əgər peşəkar rejissor olarsa, bu, qəbul olunacaq. Heç zaman yüngül, şit hərəkətlərin tərəfdarı olmamışam və xoşlamıram da, ona görə də siz bu layihələrdə məni görmürsünüz.   - Vaxtilə Azərbaycanın tanınmış sənətkarları ilə çalışıbsınız və indi də çalışırsınız. Sözün əsl mənasında sənətkar dediyiniz insanların çoxu dünyada yoxdur. Onların boşluğunu hiss edirsinizmi? Nəsillərin əvəzlənməsi sizcə, uğurlu bir prosesdirmi?


Xəbərə aid fotolar