Almaniyada biznes quran azərbaycanlı tələbə Uğur hekayəsi FOTO


Digərləri 07 Apr 2019 20:55:00 353 0

Almaniyada biznes quran azərbaycanlı tələbə  Uğur hekayəsi  FOTO

Orxan Əhmədov: "Məqsədim pul qazanmaq yox, xəyalımı gerçəkləşdirmək idi" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uğursuzluqdan, itirməkdən qorxmur. Çünki onun məqsədi pul qazanmaq yox, xəyallarını gerçəkləşdirməkdir. Deyir ki, arzusu həyata keçərkən hiss etdiyi duyğunu heç bir pulla almaq mümkün deyil. Ona görə, insan əgər yaşayırsa, hər şey mümkündür. "Bacarmayacağam" , "alınmayacaq" kimi fikirlər, istəyən insan üçün yalnız bəhanədir. İstədinsə, heç bir maneə sənə əngəl ola bilməz. Müsahibimiz Almaniyada "Ormado Kaffeehaus"-un sahibi Orxan Əhmədovdur. 1990-cı ildə Bakıda anadan olub. 27 nömrəli məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur. Hərbi xidməti başa vurduqdan sonra hüquq üzrə magistr təhsili almaq üçün Almaniyaya yollanır. Hüquq ixtisasında oxumasına baxmayaraq, kafedə qarson (ofisinat), barista işləyir. İşi A-dan Z-yə öyrəndikdən sonra öz biznesini qurmaq, kafe açmaq qərarına gəlir və həmsöhbətimizin xəyalları bir-bir gerçəkləşir.

- Xəyallarınız biznes, sahibkarlıqla bağlı olduğu halda, nə üçün hüquq?

- Sözün düzü, təhsil aldığım sahəyə marağım olmayıb. Hüquqda oxumağım, hüquqşünas olmağım valideynlərimin arzusu idi.  Hər kəs kimi mənim də valideynlərim oxuyub "adam" olmağımı istəyirdi. Təbii ki, valideynlərimiz üçün ən prestijli sahə ya hüquqdur, ya da həkimlik. Ümumiyyətlə, mənim oturaq işə heç vaxt marağım olmayıb. Həmişə kənarda xırda ticarətlə məşğul olurdum və buna görə də tez-tez danlanırdım. Xaricə gəldikdən sonra nisbətən azad oldum və xəyallarımı gerçəkləşdirməyə başladım.

- Hansı işlərə görə danlanırdınız?

- Bizim bir qohumumuz var idi. Gürcüstana tez-tez maşın almağa gedirdi. Mən də çalışırdım ki, onunla gedim. Dərslərimdə boşluq yarandığı üçün danlanırdım. Hər dəfə deyirdilər ki, bu işin gələcəyi yoxdur, dərslərinə fikir ver. Daha sonra xərcliyim və qazancımla özüm pul yığdım Dubaydan elektrik avadanlıqları, telefon alır, Bakıda nisbətən baha qiymətə satırdım. Ona görə, valideynlərim narazılıq edirdilər. O proses xoşuma gəlirdi. Əslində, çıxan xərcləri hesablayanda gəlirim olmurdu, amma ümumi proses məni özünə cəlb edirdi. Gedib-gəlmək, alıb-satmaqdan zövq alırdım.   - Biznesə uşaqlıqdan maraq göstəribsiniz?

- Bəli. Uşaqlıqdan beynimə ideyalar gəlirdi. Yadımdadır, 12-13 yaşımda velosipedim var idi. Məhəllədə uşaqlara sürməyə pulla verirdim. Bir dairəvi hərəkətə görə pul alırdım. Yəqin bu, insanın xarakteridir. Bəzi insanlar oturaq işləməyi sevir, bəziləri də işi özü yaratmaq istəyir. Bizim ailədə bizneslə, sahibkarlıqla məşğul olan yoxdur. Hamısı hüquq, həkimlik oxuyub. Mən də oxudum. Diplomumu bu günə qədər istifadə etməmişəm. Bir dəfə alanda tanış oldum və atama təqdim etdim.

- Bəs indi valideynləriniz nə deyir?

- Hələ indi deyirlər ki, sən demə, düz edirmişsən. Amma bu günə kimi kafe açdım, ciddi yanaşmadılar. Sex açdım, dedilər adi haldır. Bakıya kofe satıram, yenə heç nə demədilər. İndi Kiyev, Türkiyə ilə danışıqlar aparırıq. Hazırda nisbətən müsbət baxırlar.

- Berlində təhsil alarkən iş qurmaq çətin deyildi ki? Necə başladınız?

- Mən Berlində oxuya-oxuya qarson işləyirdim. Ondan sonra baritsa işlədim. İşin incəliklərini öyrəndikdən sonra, Bakıda mənə nənə-babadan ev qalmışdı, o evi satdım. Əslində valideynlərim istəyirdi ki, evi satıb Almaniyada ev alım və burada hüquq üzrə işləyim. Evi satdım, Almaniyada kafe açdım. Valideynlərim narazı oldular, məni sıxışdırmağa başladılar. Təxmini fikrimin nə olduğunu bilirdilər, amma halallığını almamışdım. Onlar düşünürdü ki, evi satacağam, işdə də uğursuz olacağam və evim əlimdən çıxacaq. Amma mən görəcəyim işə o qədər inanırdım ki... Evi satdım və kafeni açdım. Adını öz ad və soyadıma uyğun olaraq "Ormado" qoydum. İlk günlər işlər yaxşı getmədi. Pul qazana bilmirdim. Kafedə özüm işləyirdim. Həm kafenin sahibi, həm qarsonu idim. Pul qazandıqdan sonra işçilər gətirdim. İşçilər gətirəndə, yenə mən qazanmırdım. Çünki kafenin qazancı ilə işçilərin maaşını verirdim, özüm pulsuz qalırdım. Sonra pul qazanmağa başladım. Həmin pulla "Ormado" brendinin kofe istehsalı sexini açdım. Hazırda öz kofemizi özümüz istehsal edirik. Həmin kofeni öz kafemə və françayz üsulu ilə Bakıya satıram.

- Evinizi satıb kafe açıbsınız. Xarici ölkədə alınmamaq şansı daha çox idi. Bunu hesablamışdınız?


Xəbərə aid fotolar