Azərbaycanlı rejissordan qalmaqallı iradlar: “Yeni filmlər gənclərin əxlaqını pozur...” FOTO


Kriminal 07 Apr 2019 16:30:00 227 0

Azərbaycanlı rejissordan qalmaqallı iradlar: “Yeni filmlər gənclərin əxlaqını pozur...”  FOTO

“Öz pulumuza filmlərimizi tanıdırıq, bizə kömək lazımdır”

"Şollerin arxivi" filmi ilə Azərbaycanda, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən rejissor Cəlaləddin Qasımov "Yeni Müsavat" qəzetinin  redaksiyasında qonaq olub.

Son.az bildirir ki, rejissor söhbətə beynəlxalq festivallarda qazandığı uğurlardan başlayıb: "Festivallarda orada iştirak edənlərə üstünlük verirlər. Biz isə filmimizi göndərsək də, özümüz gedə bilmirik. Hər şeyi öz gücümüzə edirik. 8 festivalda birinci yerə layiq görülmüşük. Mənə təsir edən erməni filmlərinin festivallarda üstünlük təşkil etməsidir. Onlar Qarabağ mövzusunda, Xocalını tərsinə çəkib, dünyaya çatdırır. Ermənilər 6 ölkə ilə birlikdə "Axırıncı sakin" adlı film çəkiblər. Filmdə Azərbaycan ermənilərə hücum edir, tək qalan bir qız atasını gözləyir. Atasını azərbaycanlılar əsir götürür, dəlixanaya salır və ermənilərə geri qaytarmır. Ssenari bu səpkidədir. O filmlə bir neçə festivalda rastlaşmışam. Ermənilər 2018-ci ildə Kannda keçirilən "Aralıq dənizi" festivalına o filmlə qatılmışdı. Amma birincilik uğrunda mübarizədə biz onları keçdik. Daha sonra mənə mesaj gəldi ki, filminiz çox gözəl idi, rüsum ödəmədən bütün filmlərinizi göndərə bilərsiniz".

- Hazırda festivallara göndərdiyiniz hansı film var?

- Kanndan istək oldu deyə iki sənədli film göndərmişik. Nobel qardaşları ilə bağlı film çəkmişəm. Onu göndərdim. Çünki Nobel qardaşlarını dünyada hamı tanıyır. Onların Azərbaycandakı fəaliyyətindən çox az adam məlumatlıdır. Ikinci film isə Stalinlə bağlıdır. Hər iki film ibaxış üçün Kanna göndərdik. O filmləri 6-7 A kateqoriyalı festivala göndərmişik. İnanıram ki, bu filmlər də "Şollerin arxivi" və "Edam günü " kimi Azərbaycanı dünyada tanıdacaq.

- Ard-arda bir neçə festivalda birincilik qazandınız. Lakin sizin bu uğurlarınıza inanmayanlar da oldu...

- Hollandiyada "Europan" festivalında finala çıxdıq. Azərbaycanda yazırdılar ki, inandırıcı deyil. Əlimdə sübutlar var. Bu qədər yalanı necə demək olar?

"Şollerin arxivi" bədii filmi beynəlxalq festivallarda qazandığı uğuruna şübhə ilə yanaşanlara bildirmək istəyirəm ki, bu siyahıda adı gedən hər bir festivalların adlarını və tarixini yoxlaya bilərlər. Bu meydan, bu da ekran. Mənə təsir edən odur ki, Avropa, Amerika festivallarında seçilmiş filmlərin siyahısına baxanda, erməni filmləri ilə tez-tez rastlaşıram. Həm də Qarabağ mövzusunda çəkilmiş filmləri görürəm, amma Azərbaycan filmi indi də rastlaşmıram. Mən mübarizəmi o festivallarda aparıram.

"Şollerin arxivi" bədii filmi dünyada böyük marağa səbəb olub.  Belə ki, son 8 ay ərzində iyirmi beş beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzib, qırx beşə yaxın ölkədə keçirilən festivalda iştirak edərək, neçə-neçə beynəlxalq mükafatın sahibi olub. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.

İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib. Ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkmişik və buna da nail olmuşuq. "Şollerin arxivi" bədii filmi əsəri Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

"Şollerin arxivi" filminə görə bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada VİP yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb.

"Şollerin arxivi" bədii filmi barədə Niderlandın "31mag" jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın "European Cinematography Awards" festivalında "Ən yaxşı dram" kateqoriyası üzrə uğur qazanıb. Eyni zamanda, film Hollivudda yerləşən "Global Nonviolent Film Festival"da ən yüksək mükafat alan film kimi, "Daria! Magazine" jurnalında göstərilib, film barəsində ətraflı məlumat verilib.  

"Şollerin arxivi" filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.