Azərbaycanda 350 milyon yaşı olan su canlılarının qalıqları tapıldı FOTO


Digərləri 07 Apr 2019 13:56:00 250 0

Azərbaycanda 350 milyon yaşı olan su canlılarının qalıqları tapıldı  FOTO

Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb.

Son.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.

Onun sözlərinə görə, tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır:

"Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb. Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar".

T.Heybətov əlavə edib ki, geoloji araşdırmalar zamanı ərazilərimizin böyük hissəsinin bu gün mövcud olmayan okeanın dibində yerləşdiyi məlum olub.

"Devon dövründə braxiopodların (çiyinayaqlılar) inkişafı geniş vüsət alıb. Bundan əlavə, həmin dövrdə qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə¬həng xərçəngəbənzərlər və balıqların bütün sinifləri də geniş yayılıb. Sonradan suda-quruda yaşayanlar meydana gəlib. Bundan başqa, geoloji araşdırmalar təsdiq edir ki, bu ərazilərdə nəhəng balinalar da mövcud olub. Bu gün geoloji qazıntılar zamanı aşkar olunan nəhəng su canlılarının qalıqları Təbiət Tarixi Muzeyində qorunub saxlanılır".

Muzeyin direktoru qeyd edib ki, muzeyin eksponatları arasında nəhəng dişli quşlar da var:

"Bu canlının qalıqları Arpaçay ətrafında tapılıb. Bioloji xüsusiyyətinə görə, dişli quşun okean canlıları ilə qidalandığı ehtimal olunur".


Xəbərə aid fotolar