İslamın həqiqi tarixi – ‘MƏBƏS’ günü


Digərləri 06 Apr 2019 19:20:00 189 0

İslamın həqiqi tarixi – ‘MƏBƏS’ günü

Şübhəsiz, İslamın həqiqi tarixi İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin "İnnəkə Rəsulullah!" (Həqiqətən, sən Allahın Rəsulusan!) - nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı.

Tarixi mənbələrdə göstərilir ki, İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük "Hira" mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı.

Son.az maide.az-a istinadən bildirir ki, Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də elə "Hira" mağarasında ikən vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən bir "lövhə" ilə nazil oldu və lövhəni o həzrətin müqabilində tutub dedi: "İqrə`", yəni "Oxu!". Peyğəmbər (s) dərs oxumadığı üçün, "Mən oxumağı bacarmıram!" - deyə cavab verdikdə, vəhy mələyi o həzrəti möhkəm sıxdı və o həzrətə "Oxu!" - deyə müraciət etdi. Vəhy mələyi yenə ilk cavabı eşitdikdə, Həzrəti bir dəfə də sıxdı. Bu iş üç dəfə təkrar olundu. Üçüncü dəfə Peyğəmbər (s) nagəhan hiss etdi ki, mələyin əlindəki lövhəni oxuya bilir. Odur ki, o həzrət vəhy mələyi Cəbrail-Əminin gətirdiyi "Ələq" surəsinin bu bir neçə ayəsini tilavət etməyə başladı:

بسم الله الرحمن الرحيم. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ...

"Bağışlayan və mehriban Allahın adı ilə. Oxu! Yaradan Rəbbinin adı ilə! O, insanı laxtalanmış qandan yaratdı. Oxu ki, sənin Rəbbin daha kərimdir. O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi..." ("Ələq" surəsi, ayə 1-5.)

Beləcə, Peyğəmbərin (s) böyük ruhu vəhy nuru ilə işıqlandı. Cəbraildən öyrəndiklərini qəlb səhifəsində yerləşdirdi. O həzrət ilk vəhyi oxuduqdan sonra elə həmin mələk Peyğəmbərə (s) dedi: "Ey Mühəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm."

Peyğəmbər (s) ağır bir məsuliyyəti öhdəsinə götürdükdən sonra "Hira" dağından enib, möhkəm addımlarla, qeyri-adi qüdrət və mələksima çöhrə ilə evinə doğru yola düşdü. Evə daxil olarkən Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə.) o həzrətin üzündə təfəkkür və həyəcanın əsərlərini gördükdə, onun səbəbini soruşdu. Peyğəmbər (s) Xədicəni (s.ə.) baş vermiş hadisədən xəbərdar etdi...