Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var


Digərləri 05 Apr 2019 23:11:00 272 0

Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim misirlilərin də sarımsaqla qidalandıqları və ondan müalicə vasitəsi kimi istifadə etdikləri barədə məlumatlar var. Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan Avropaya yayılıb. Misirdə sarımsağı ən ağır xəstəliklərə qarşı dərman kimi tətbiq etməklə yanaşı, onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyardılar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı məhvedici təsir göstərdiyini sübut edib. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya törədicisi əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.