Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar FOTO


Digərləri 05 Apr 2019 22:12:00 227 0

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar  FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb.

İnstitutdan Son.az-a verilən məlumata görə, Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunub. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və institutun direktor müavini Nəcəf Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.

Cənubi Qafqazda erkən əkinçi mədəniyyətlər üzrə ixtisaslaşan mütəxəssislərin unikal tapıntı hesab etdiyi Qalayeri məskənindəki saxsı qablardakı dəfnlərdən aşkar edilmiş uşaq skeletlərinin 3-nün (4-5 aylıqdan 4-5 yaş həddinədək) arxeometrik analizlərinin nəticələrinə əsasən, 5800-6000 il bundan öncə vəfat etmiş uşaqlarda ciddi "C" və "D" avitaminozu və onunla bağlı patologiyalar aşkar edilib. Vitamin qıtlığı özünü sümüklərdə yaş həddinə uyğun olmayan inkişafdan geriqalmada daha qabarıq göstərib.


Xəbərə aid fotolar