Ombudsman və BMqT miqrantların hüquqlarının müdafiəsini müzakirə edib


Digərləri 05 Apr 2019 19:19:10 370 0

Ombudsman və BMqT miqrantların hüquqlarının müdafiəsini müzakirə edib

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri cənab Vladimir Georgiyevi qəbul edib. Qurumdan Trend-ə verilən məlumata görə, görüşün məqsədi BMqT və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı çərçivəsində miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə strateji prioritetlərin və innovasiyaların tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub. Bundan başqa, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi sahəsində müzakirələr aparılıb. E.Süleymanova qonağı salamlayaraq və təyinatı münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görüldüyünü, o cümlədən son illərdə miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edildiyini və institusional sahədə bir sıra tədbirlər həyata keçirildiyini qeyd etmişdir. Belə ki, Müvəkkil son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu bildirib. O, həmçinin bu şəxslərin mövcud problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün onlara pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizin təbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini vurğulayıb. Ombudsman təsisatının BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən BMqT ilə səmərəli əməkdaşlıq əlaqələri qurulduğu qeyd edilərək, bunun bariz nümunəsi kimi əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, ”Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” kimi layihələr vurğulanıb.