Azərbaycan Prezidenti: "Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək"


Siyasət 05 Apr 2019 17:04:00 205 0

Azərbaycan Prezidenti: "Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək"

Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, məcburi köçkünlərin problemləri kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır: "Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib. Bildiyiniz kimi, biz indi çox ciddi iqtisadi islahatlar aparırıq. Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Beləliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi".

İlham Əliyev əlavə edib ki, bu islahatlar çoxşaxəlidir: "Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni, faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq. Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır. Əhalinin gəlirləri artır, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən aşağıdır, istehlak qiymətlərinə çox ciddi nəzarət edilir. Yəni, demək istəyirəm ki, iqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik".

Prezident vurğulayıb ki, minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb: "Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq".