"Qanunsuz fəaliyyət göstərən hər bir sahibkar məsuliyyət daşıyır"


Digərləri 05 Apr 2019 10:12:00 245 0

"Qanunsuz fəaliyyət göstərən hər bir sahibkar məsuliyyət daşıyır"

Son.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva 1003 "Çağrı Mərkəzi"nə daxil olan vətəndaş müraciətləri ilə bağlı Trend-in suallarını cavablandırıb.

Agentlik rəsmisi bildirib ki, son vaxtlar 1003 "Çağrı Mərkəzi"nə daxil olan vətəndaş müraciələrinin sayı artıb: "Təbii ki, Agentlik tərəfindən qida sahəsində mütəmadi olaraq neqativ halların aşkar olunması, ictimailəşdirilməsi və vətəndaşların bu istiqamətdə maarifləndirilməsi burada müstəsna rol oynayır. Ancaq bir məsələni qeyd edim ki, daxil olan müraciətlər sırasında Agentliyin konkret fəaliyyət sahəsinə aid olmayan müraciətlərə də rast gəlmək olur. Xüsusilə yerli icra orqanlarının və digər icra strukturlarının fəaliyyət sahəsinə aid olan müraciətlər üstünlük təşkil edir. Unutmaq olmaz ki, hər bir qurumun müvafiq fəaliyyət sahəsi var. Burada nəzarət və tənzimləmə işlərini bir qurum, yerlərdə icranı isə digər səlahiyyətli orqanlar həyata keçirir. Buna baxmayaraq, Agentlik tərəfindən vətəndaşlardan daxil olan şikayətlər aidiyyəti orqanlara yönləndirilir və onların icrası nəzarətdə saxlanılır".