Aprel döyüşlərinin iştirakçıları ilə görüş olub


Digərləri 04 Apr 2019 20:44:00 280 0

Aprel döyüşlərinin iştirakçıları ilə görüş olub

Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirilib.

Son.az bildirir ki, Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə verilən məlumata görə, tədbirdə RİH başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

S.Mikayılov görüş zamanı Aprel döyüşləri barədə danışaraq bildirib ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında Ali Baş Komandanın ordu quruculuğuna, əsgər-zabit heyətinə göstərdiyi diqqət və qayğıdan, Aprel döyüşlərinin böyük qələbənin başlanğıcı olması barədə danışdı.

Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Xəbərə aid fotolar