Rus dilində təhsil


Digərləri 04 Apr 2019 19:47:00 242 0

Rus dilində təhsil

Bu ildən başlayaraq ümumtəhsil müəssisələrinin xarici dil bölmələrinə qəbulla bağlı dəyişiklik edilib. Yeniliyə əsasən, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqları qiymətləndiriləcək. Bununla bağlı artıq müsahibə komissiyaları fəaliyyətə başlayıb. Üç nəfərdən ibarət müsahibə komissiyası əcnəbi dildə tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarını yoxlayır. 7 dəqiqə davam edən müsahibədən bir gün sonra müsabiqənin nəticələri ilə bağlı valideynlərə mesajla məlumat verilir.

Sözügedən dəyişiklik valideynlər, həmçinin təhsil işçiləri, təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bu dəyişikliyin təhsil sisteminə xeyirli olacağını düşünsə də, yeni dəyişikliyin neqativlərə yol açacağını düşünənlər də az deyil.

Son.az bildirir ki, Sputnik Azərbaycan bütün mülahizələrə aydınlıq gətirmək məqsədilə təhsil işçilərinin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş "Təhsilin inkişafı üzrə dövlət strategiyası"na ziddir: "Təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılıq prinsipini Təhsil Nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır".

Ekspertin qeyd edib ki, müsahibə zamanı ciddi şəkildə neqativ hallar, qərəzli rəy olacaq: "2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizəylə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı gözlənilir. 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün Təhsil Nazirliyinin kadrı yoxdur. Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Elektron qaydada nə qədər valideyn yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər".