Orxan Məmmədov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tərəqqi turizmin inkişafına yeni imkanlar açır"


Siyasət 04 Apr 2019 15:54:00 244 0

Orxan Məmmədov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tərəqqi turizmin inkişafına yeni imkanlar açır"

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açır.

Son.az bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2019" sərgisinin açılış mərasimində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, artıq ənənəvi olaraq keçirilən "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər" sərgisi turizm sənayesində mövcud meyillərin və çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır:

"Müasir dövrdə iqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərdən fundamental dərəcədə fərqlənir. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır.

Bu gün ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Bu əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir.

Bu baxımdan, ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət yetirilir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür".

Agentlik rəhbərinin sözlərinə görə, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur:

"Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir.

Əminəm ki, birgə səylərimiz nəticəsində, turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, bütövlükdə isə turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcəkdir.

Bir daha təşkilatçılara minnətdarlığımı bildirir və sərginin işinə uğurlar arzulayıram".

Son.az