VII Qlobal Bakı Forumu: İlham Əliyevin irəli sürdüyü tezislərin geosiyasi konteksti


Siyasət 04 Apr 2019 15:48:00 300 0

VII Qlobal Bakı Forumu: İlham Əliyevin irəli sürdüyü tezislərin geosiyasi konteksti

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Azərbaycan paytaxtında VII Qlobal Bakı Forumu keçirilib. Bu tədbir ilk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilib. 2014-cü ildə o, Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilib. 2015-ci ildən başlayaraq isə Qlobal Bakı Forumu adlanır. Bu Forumda dünyanın bir sıra ölkələrinin başçıları, tanınmış siyasətçilər iştirak edirlər. VII Forumda 500-dən çox nümayəndə iştirak edib. Bu dəfə tədbirin əsas mövzusu "Dünyanın yeni xarici siyasəti" olub. Forumun açılışında iştirak edən Prezident İlham Əliyev geniş nitq söyləyib. Dövlət başçısı Azərbaycanın xarici siyasəti haqqında qlobal təhlükəsizliyin təmini, əməkdaşlıq imkanları, dialoq mühiti və sülhün təmini kontekstində çox dəyərli tezislər irəli sürərək bəhs edib. Prezidentin nitqində ifadə edilən fikirlər tədbirdə müzakirələrin ana xəttini təşkil edib. Bu məsələ müxtəlif, o cümlədən qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu, gənc liderlərin qlobal siyasətdə rolu, Çin və qlobal dünya siyasəti kontekstində müzakirə edilib. Bütün bunlar dövlət başçısının Forumda söylədiyi nitqin geosiyasi təhlilinə ciddi ehtiyacın olduğunu təsdiq edir.

Bakının təşəbbüsləri: regional və qlobal geosiyasi müstəvidə

Azərbaycan müstəqillik əldə etdikdən sonra dəfələrlə mötəbər beynəlxalq təbirlərə evsahibliyi edib. Ölkəmiz bu tədbirlərin təşəbbüskarı kimi, düşünülmüş və ardıcıl olaraq onların mövzularını müəyyən edib. Həmin tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə və dialoqa xidmət edib. Bununla Azərbaycan rəhbərliyi ölkənin xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirə bilir. VII Qlobal Bakı Forumu bu baxımdan xüsusi təsiri olan tədbir kimi qiymətləndirilə bilər.

İlk öncə qeyd etmək istərdik ki, bu Forum qlobal miqyasda bir sıra ciddi problemlərin özünün göstərdiyi bir vaxtda keçirilib. Böyük dövlətlər arasında nüfuz uğrunda mübarizə daha kəskin xarakter alıb. O cümlədən Cənubi Qafqazda onların qarşıdurması güclənib. Bununla yanaşı, islamofobiyadan qidalanan yeni terror dalğası baş qaldırmaqdadır. Yaxın Şərq və Afrika ilə yanaşı, artıq Asiya-Sakit okean hövzəsində də terror özünü göstərir. Yeni Zelandiyada irqçilik zəminində terror hadisəsi bütün dünyanı silkələdi.

Bunlarla yanaşı, hazırda münaqişələrin həlli məsələsi daha kəskinliyi ilə qarşıda durur. Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu baxımdan daha aktual əhəmiyyət kəsb etməyə başlayıb. Abxaziya, Cənubi Osetiya, Dnepryanı və Donbas məsələləri də öz həllini gözləyir.

Təbii ki, digər qlobal problemlərlə yanaşı, bu cür çətinliklər də bütövlükdə dövlətlərarası münasibətləri səmərəli müstəviyə keçirmək cəhdlərini mürəkkəbləşdirir. Qlobal Bakı Forumu bu baxımdan ciddi əhəmiyyəti olan tədbirlərdən biri kimi qəbul edilməlidir. Bu tədbir martın 14-16-da Bakıda təşkil edilib. Onun işində 50-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Onların sırasında fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər də olub. Forumun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu nitq söyləyib.

Onu deyək ki, VII Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbir "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilib. Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər məsələlər üzrə müzakirələr aparılıb. Forumun əsas panel iclaslarından biri gənc liderlərin qlobal siyasətdə roluna həsr olunub. Tədbirdə Çin və qlobal geosiyasət mövzusu da yer alıb.

Dövlət başçısı İlham Əliyevin nitqində ifadə etdiyi tezislər faktiki olaraq Forumun ümumi işinin məzmununu əks etdirib. Ölkə rəhbəri Azərbaycanın xarici siyasətinin prioritetlərini müasir geosiyasi reallığın işığında iştirakçıların diqqətinə çatdırıb. Prezidentin irəli sürdüyü tezislər üzərində bir qədər geniş dayanmağa ehtiyac var.

Hər şeydən əvvəl, Prezident Azərbaycanın xarici siyasətinin dərin düşünülmüş prinsiplər əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edildiyinə görə varisliyin saxlandığı fikrini vurğulayıb. Bu, faktiki olaraq, ölkə rəhbərliyinin sistemli və dəyişən situasiyalarda yüksək səmərə verə bilən dinamik xarici siyasət kursu formalaşdırdığının təsdiqidir. İlham Əliyev bu kontekstdə ifadə edib: "Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır". Deməli, Azərbaycanın xarici siyasət kursu istənilən situasiyada milli maraqlara uyğun olaraq aparılır.

Və bu özəlliyin başlıca məqsədi kifayət qədər sivil, humanist və XXI əsrin ruhuna uyğundur. Belə ki, "tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir". Bu, olduqca mühüm bir tezisdir. Həm də ona görə ki, hazırda Ermənistan rəhbərliyi Azərbaycanın xarici siyasəti haqqında yanlış təsəvvürlər formalaşdırmaq üçün dəridən-qabıqdan çıxır.

Tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq: xarici siyasətin iki mühüm məqamı

İlham Əliyev bu tezisi ilə Azərbaycana obyektiv yanaşmaq istəməyənlərin fikirlərini tamamilə alt-üst edib. Fikir verin, Azərbaycan xarici siyasətdə tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə geniş bir coğrafiyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün ölkələrlə yaxın əlaqələr qurur. Burada siyasətin məqsədi ilə konkret nəticəsi arasında bir harmoniya vardır. O harmoniya humanist prinsip çərçivəsində reallaşır.

Yəni Azərbaycan utilitar müstəvidə ancaq özünün qazanc götürməsinə deyil, bütövlükdə təhlükəsizliyə və sabitliyə apara biləcək qarşılıqlı faydalı əməkdaşlıq xəttinə sadiqdir. Düşünürük ki, bu tezis VII Qlobal Bakı Forumunun fəaliyyətinin ana xəttini təşkil edib. Yalnız bu əsasda müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında dialoq yaratmaq və bütövlükdə təhlükəsizliyi təmin etmək mümkündür.

Bu tezisin işığında Ermənistan iqtidarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların formatını dəyişmək cəhdi təxribatdan başqa bir şey deyil. Bu məqamı vurğulayan dövlət başçısı ifadə edib: "Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır".

Aydın görünür ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın sabit məzmunlu xarici siyasət kursu yoxdur. Ermənistanda bir iqtidarı digəri əvəz edəndə onun xarici siyasətinin qeyri-müəyyənlik və qeyri-konstruktivlik dərəcəsi də artır. Təsadüfi deyil ki, S.Sarkisyan özündən əvvəlkiləri, N.Paşinyan da S.Sarkisyan hakimiyyətini münaqişə ilə bağlı yeritdikləri siyasətə görə kəskin tənqid ediblər. Konkret olaraq, erməni liderlərin hər biri özündən öncə olanları ittiham edib. Arqumentləri də eynidir: guya erməni dövlətçiliyinin maraqlarını kifayət qədər müdafiə etməyiblər. Buna görə də Dağlıq Qarabağ məsələsində "yeni yanaşma" olmalıdır.

Əslində isə burada Ermənistan iqtidarlarının xarici siyasətdə sistemsizlik, qeyri-ardıcıllıq nümayiş etdirməsi ilə yanaşı, bir destruktivlik xəttini də gözlədikləri müşahidə olunur. Belə ki, həmin üsulla onlar danışıqlar prosesini zaman-zaman çətinliyə salır, qeyri-real tələblərlə məsələnin həlli qarşısında süni əngəllər yaradırlar. Prezident İlham Əliyev tam haqlı olaraq Ermənistanın xarici siyasətinin bu üsulla münaqişənin həllinə deyil, onun kəskinləşməsinə şərait yaratdığını vurğulayır. Bu bağlılıqda dövlət başçısı açıq bəyan edib: "...Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır".

Bizcə, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli məsələsinə çox konstruktiv və demokratik mövqedən yanaşır. Dövlət başçısı danışıqlar formatını dəyişdirməməklə müzakirələrin vahid məqsədə xidmət etməsini təmin etməyin mümkünlüyünü ifadə edir. Konkret desək, danışıqların bir son məqsədi olmalıdır və bunu tərəflər aydın dərk etməlidirlər. Əgər məqsəd yoxdursa və ya tərəflərdən biri onu qəbul etmirsə, onda danışıqlar xatirinə müzakirələr olur ki, bunun da konkret nəticəsi ola bilməz.

Aydındır ki, sabit olaraq məqsədi o siyasi komanda güdür ki, onun konkret siyasi kursu var. Bu baxımdan Ermənistanda siyasi iqtidarlar daim bir-birlərini ittiham ediblərsə, bu, onların siyasi səbatsızlığının, qeyri-ardıcıl mövqelərinin əlamətidir. Yekun olaraq Ermənistanın danışıqlar xatirinə danışıqlar aparmağa çalışdığı nəticəsi alınır. Bu üsulla hansısa real dialoqa və barışa nail olmaq mümkün deyildir. VII Qlobal Bakı Forumunun iştirakçıları təbii ki, bu arqumenti tam olaraq qəbul ediblər.

Prezident Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini beynəlxalq təşkilatlarla əlaqələrin təşkil etdiyini ayrıca vurğulayıb. Bu kontekstdə ölkə rəhbəri ifadə edib: "Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik".

Etiraf etmək lazımdır ki, Prezident burada xarici siyasətin çox mühüm bir məqamını Forum iştirakçılarına çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri iki xüsusiyyəti ilə seçilir. Birincisi, bu əlaqələr şəbəkə məzmunludur. Yəni Azərbaycan həm çox sayda beynəlxalq təşkilatla əlaqələr qurur, həm də həmin təşkilatlar arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Bu o deməkdir ki, hər bir halda, söhbət düşünülmüş və bir-birini üzvi şəkildə tamamlayan əməkdaşlıq kanallarının qurulmasından gedir.

İkincisi, bu çərçivədə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Avropa Şurası (AŞ) arasında tərəfdaşlıq əlaqələri qurmağa ayrıca önəm verir. Bunun da konkret səbəbi var. Məsələ ondan ibarətdir ki, Qərbdə islamofobiya getdikcə daha böyük vüsət alır. Bu da dünya miqyasında ciddi böhranlara aparıb çıxarır. İnsanlar həlak olur, ölkələr bir-birinə düşmən kəsilir. Din və mədəniyyət birləşdirici faktor olmaqdansa, ayırıcı və bölücü funksiyasını yerinə yetirir. Bu isə onların təbiətinə tamamilə zidd olan bir haldır. Deməli, real olaraq dinlər və sivilizasiyalar arasında dialoq yaratmaq istəyənlər konkret mexanizm təklif etməlidirlər. Çox sevindiricidir ki, bu keyfiyyətdə məhz Azərbaycan çıxış edib. İndi Azərbaycanın həmin istiqamətdə bir neçə dialoq mexanizmləri vardır. Onların sırasında mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu, "Bakı prosesi" və bir çox başqa beynəlxalq təşəbbüslər xüsusi yer tutur. Qlobal Bakı Forumu da bu bağlılıqda ciddi əhəmiyyəti olan prosesdir.

Həmin aspektdə dövlət başçısının "Bakı prosesi"ni nümunə kimi göstərməsi tamamilə məntiqi idi. İlham Əliyev bu bağlılıqda vurğulayıb: "Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi... Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format "Bakı prosesi" adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır".

Multikulturalizm və dialoq: Azərbaycanın daxili və xarici siyasətinin vəhdəti

Bunlar onu göstərir ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələr konkret məqsədə xidmət edir. Azərbaycan ölkələr və xalqlar arasında əməkdaşlıq, sülh və barış üçün çalışır. Məhz bu mənada Prezident İlham Əliyevin Forumda ifadə etdiyi "Bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir" tezisi son dərəcə aktualdır. Azərbaycan dövlətlərlə müstəqil şəkildə, sabit qaydada və tam proqnozlaşdırılan metodlarla beynəlxalq hüquq normaları çərçivəsində münasibət qurur. Bu, tamamilə sülhə, əməkdaşlığa, qarşılıqlı faydaya və barışa xidmət edir.

Bütün bunların fonunda ölkə rəhbərinin xarici siyasətlə bağlı iki vacib məqamı qarşılıqlı əlaqədə təqdim etməsi böyük maraq doğurur. Onlardan biri nəqliyyat dəhlizlərinin və logistika mühitinin formalaşdırılması, digəri isə beynəlxalq enerji layihələridir. Xarici siyasətin bu aspektini dövlət başçısı çox dolğun ifadə edib. İlham Əliyev vurğulayıb: "Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir".

Bəli, Azərbaycan enerji layihələri və nəqliyyat-logistika məsələlərini müasir və sistemli düşünülmüş şəkildə əlaqələndirərək, çox ciddi müsbət nəticələr əldə edib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Ötən il yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Azərbaycan bununla kifayətlənmir. O, Şimal-Cənub dəhlizinin də fəal iştirakçısıdır. Bu istiqamətdə intensiv işlər aparılır. Son zamanlar Azərbaycan Cənub-Qərb nəqliyyat dəhlizinin də aktiv iştirakçısı olub. Ölkəmizdə güclü və müasir logistika obyektləri tikilib istifadəyə verilib.

Azərbaycan artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yük qəbul edir, Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolunun iştirakçısıdır. "Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır".

Bunlar, şübhəsiz, böyük nailiyyətlərdir. Azərbaycanın xarici siyasətinin regional və qlobal miqyasda verdiyi töhfələrin bir qismidir. İndi Azərbaycan nəqliyyat sahəsinin çox yaxşı əməkdaşlıq ruhu yaratmasından faydalanır. Eyni fikri Bakının enerji siyasəti haqqında söyləmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev enerji sektorunu "qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən sahə" adlandırıb. Və Azərbaycanın enerji təhlükəsizliyinə çox investisiya yatırdığını vurğulayıb. Bu istiqamətdə aparılan əməkdaşlıqdan bir çox ölkələr fayda götürür.

Dövlət başçısı bu məqamı da nəzərdə tutaraq bəyan edib: "Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Artıq Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Onun mühüm hissələrindən biri olan TANAP-ın - Trans-Anadolu qaz kəmərinin də açılışı olub".

Bütün bunlar Azərbaycanın enerji layihələrinin yalnız bir hissəsidir. Ancaq ümumi mənzərə kifayət qədər aydındır: Azərbaycanın enerji siyasəti qlobal təhlükəsizliyə ciddi töhfələr verir.

Nəhayət, Azərbaycanın xarici siyasəti üçün vacib olan xüsusiyyətlərdən biri onun daxili siyasətlə sıx bağlılığıdır. Dialoq və barış kontekstində Azərbaycanın multikulturalizmi dövlət siyasəti statusunda reallaşdırması tarixi hadisədir. İndi Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri kimi qəbul edilir. İlham Əliyev nitqində vurğulayıb ki, "bunun tarixi kökləri vardır. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi".

Həmin məsələ ilə bağlı Bakıda bir çox beynəlxalq tədbirlər təşkil edilib. Konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib. Bütün bu məqamları ümumiləşdirərək, dövlət başçısı ifadə edib: "Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur".

Beləliklə, multikulturalizm Azərbaycanın təşəbbüsü ilə daxili siyasi faktordan beynəlxalq münasibətlər sistemində əsas yer tuta, dövlətlərarası münasibətlərin qurulmasının başlıca prinsipinə çevrilə bilər. Bu, Azərbaycanın dünya siyasi sisteminə ciddi töhfəsidir. Həm də VII Qlobal Bakı Forumunun ruhuna tam uyğun olan bir məqamı təşkil edir.