Nəqliyyatda limitsiz istifadə kartları olacaqmı?


Digərləri 03 Apr 2019 21:57:00 230 0

Nəqliyyatda limitsiz istifadə kartları olacaqmı?

Ekspertin sözlərinə görə, turizmin inkişafında 4 sütundan biri nəqliyyatdırsa, bu haqda düşünmək və iş görmək lazımdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xarici ölkələrə səfər edənlər ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyata minik kartı əldə etmək üçün ən ucuz variantlara nəzər salırlar. Aparatlar birdəfəlik gediş kartları ilə yanaşı, günlük, bir neçə günlük, həftəlik, aylıq və ya daha uzun müddətli kartlar təklif edir. Günlük kartlar gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadəyə xərclənən puldan daha ucuz başa gəldiyindən, sərnişinlər daha çox bu tip kartlara üstünlük verilər. Eləcə də, gedəcəyi ölkədə qaldığı günü hesablayan insanlar həmin günlər üçün nəqliyyatda istifadədə gediş-dönüşdə limitsiz kartlar əldə edirlər.  Məsələn, Vyanada dəyəri 8 avroya olan kart vasitəsilə gün ərzində istədiyin qədər nəqliyyatın bütün növlərindən istifadə etmək mümkündür. Ancaq Avstriyanın paytaxtında metro-avtobus-tramvay və trolleybuslara kart olmadan, yalnız bir gediş üçün 2.50 avro ödəmək lazımdır. Bu baxımdan, istər turistlər, istərsə də nəqliyyatda hərəkətinin qədərini bilən yerli sakinlər limitsiz kartlara üstünlük verirlər.

Düzdür, hələ bizim ölkəmizdə nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi tamamilə tətbiq olunmayıb. Hələ bizim kimi sərnişinlər xarici ölkələrin bu təcrübəsinə həsədlə baxırıq. Bununla belə, ölkədə turizmin inkişafından danışmaq istədiyimiz bir vaxtda bu tip tətbiqlərin də olmasını arzulayırıq. Bəs nəqliyyat sektoruna aid olan qurumlar necə? Nə vaxtsa ölkədə bu tip kartların istifadəyə verilməsi haqqında düşünürlərmi?    Nağdsız ödənişə tam keçid olandan sonra   Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev sorğumuza cavab olaraq qeyd etdi ki, hazırda qarşıda duran əsas məsələ nağdsız ödənişin əhatəsini genişləndirməkdir: "Bu gün ictimai nəqliyyatda yalnız metroda və 500 ədədə yaxın avtobusda gediş haqqlarının ödənişi "BakıKart"la edilir. Bu il bütün xətlərin nağdsız ödənişə keçidi planlaşdırılır. Tam keçid olandan sonra qeyd etdiyiniz məsələlərə baxmaq olar".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Bilirsiniz ki, gedişhaqqı "BakıKart"la ödənilir. Bu sualı onlara yönəldin"- deyə sualımıza qısaca cavab verdi.

Qeyd edək ki, Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart ("BakıKart") sistemi tətbiq edilib. "BakıKart" beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartı kimi təqdim olunur. Kart özündə ümumi nəqliyyat ödənişlərini birləşdirir. "Bakı Metropoliteni" QSC-yə aid metro və "BakuBus" MMC-yə aid bir sıra avtobus nəqliyyat vasitələrində gedişhaqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilir. Bundan əlavə, vahid sistemdə 2 növ kartdan - "BakıKart" (Plastik kart) və "BakıKart" - məhdud istifadə üçün (Kağız kart) istifadə edilir.  Hər iki növ kart "BakıKart" terminallarından, mətbuat köşklərindən və "BakıKart" loqolu digər satış nöqtələrindən əldə edilir. Layihənin sonrakı mərhələlərində "BakıKart"dan digər nəqliyyat vasitələrində ödəniş vasitəsi kimi istifadə edilməsi planlaşdırılır. Vahid "BakıKart" sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.