Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub


Digərləri 03 Apr 2019 16:19:05 164 0

Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ölkəmizdə səfərdə olan sosial müdafiə qrupu ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ölkəmizdə səfərdə olan sosial müdafiə qrupu ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib. Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması, sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb. A.Əliyev, eyni zamanda, sosial müdafiə siyasətində aktiv tədbirlərə, məşğulluq amilinə üstünlük verildiyini deyib. O, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılması üçün dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı barədə məlumat verib. Nazir müavini qeyd edib ki, 2018-ci ildə proqrama cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə artıb, biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Həmin şəxslər əsasən daha həssas kateqoriyalardan olan vətəndaşlardır. Proqram çərçivəsində verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarına sahib olublar. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bu proqrama dəstək məqsədilə icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.