"Azərbaycanı İsgəndər raketləriylə vurmaq lazımdır"


Siyasət 03 Apr 2019 15:55:00 223 0

"Azərbaycanı İsgəndər raketləriylə vurmaq lazımdır"

Ermənistanın keçmiş iqtidar partiyasının sədr müavini Armen Aşotyan müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni əraziləri uğrunda yeni müharibə haqda bəyanatını dəstəkləyib.

Xatırladaq ki, D.Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən demişdi: "Ermənistanın müdafiə naziri kimi mən "ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə". Heç bir ərazi güzəşti olmayacaq...".

Son.az Eurasia Diary-ya istinadən xəbər verir ki, müdafiə nazirini dəstəkləyən Armen Aşotyan bəyan edib ki, diplomatiyada aydınlıq nümayiş etdirmək və düşmənə anlatmaq lazımdır ki, Ermənistan tərəfi müharibəyə cəlb edilsə, düşmən yeni itkilər verəcək.

"Özü də "İsgəndər"dən istifadə də istisna deyil. Müharibənin nəticəsi yeni ərazilərin "azad edilməsi" (dırnaq bizimdir) ola bilər",- A.Aşotyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl müdafiə nazirinin bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyan da dəstək vermişdi: "Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır".

D.Tonoyanın bəyanatını onunla razılaşdırıb-razılaşdırmadığı barədə suala cavab verərkən N.Paşinyan xatırladıb ki, müdafiə naziri birbaşa baş nazirə tabedir.

Məsələylə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Ü. Cəfərov Eurasia Diary-ə verdiyi açıqlamasında qeyd edib ki, "Bəli, ermənilərdə "İsgəndər raketləri var və onlar bu raketlərdən hər an istifadə edə bilərlər. Ancaq Azərbaycanda "İsgəndər"ə əsas alternativ hesab edilən, hətta "İsgəndər"dən daha güclü raket kompleksi olan "Polonez raket kompleksi" mövcuddur".

"Bizim cəphə xəttində "Polonez"ləri aktiv hala gətirməyimiz bütün Ermənistanı sirkələyə bilər. "Polonez"lərdən savayı Azərbaycanın hərbi arsenalında elə silahlar var ki, Ermənistan tərəfindən gələn hər təhlükəni aşkarlayıb, onu dərhal aradan qaldıra bilər. Yeni aldığımız silahlarla bizim nəinki Qarabağda işğal edilmiş əraziləri, həmçinin İrəvanı vurmaq imkanımız var. Bizim hər hansısa döyüş vəziyyətində sadəcə "Barrak 8" raketlərindən istifadə etməyimiz Ermənistanın istənilən hücumunun qarşısın almağa kifayət edər. Bunu ermənilər də yaxşı bilirlər. Ancaq bununla birlikdə yenidən qeyd etmək istəyirəm ki, bizdə olan raket kompleksləri sadəcə bir neçə saat ərzində düşmənin əsas strateji obyektlərini dağıtmağa, külli miqdarda texnika və canlı qüvvəsini məhv etməyə qadirdir. Ona görə də, düşünürəm ki, qarşı tərəfin bu qədər radikal və qərəzli bəyanatlarına məhz, sözügedən raketlərimizlə cavab verməliyik".