Ermənistan rəhbərliyində Qarabağ məsələsinə haçalı münasibət


Siyasət 03 Apr 2019 07:00:00 212 0

Ermənistan rəhbərliyində Qarabağ məsələsinə haçalı münasibət

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vyanadakı görüşü Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ilk dəfə ATƏT-in Minsk qrupu tərəfindən birbaşa təşkil edilmiş görüş idi.

Prezident İlham Əliyev: "Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb" Görüşdə müzakirə olunan məsələlərin detalları barədə mətbuata ətraflı məlumat verilməsə də, bəzi şərh və açıqlamalardan aydın olur ki, Ermənistan tərəfi yenə də Dağlıq Qarabağ separatçılarının ayrıca tərəf kimi danışıqlar masasına oturması ilə bağlı təkliflər irəli sürüb. Lakin bu təklif qəbul olunmayıb və danışıqlar özü özlüyündə onu göstərir ki, Dağlıq Qarabağın separatçı erməni rejiminin nümayəndələri bu danışıqlara Minsk qrupunun həmsədrləri və Azərbaycan tərəfindən qəbul edilməyib. Bu, o deməkdir ki, Paşinyanın bu oyunu da baş tutmayaraq iflasa uğrayıb".

Bu fikirləri Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Azərbaycan Ermənistana növbəti dəfə şans verdi Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin mediaya açıqlamasında danışıqların humanitar aksiyalarla dəstəklənməsi məsələləri barəsində danışmasını belə şərh edib: "Böyük ehtimalla bu, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən zorla saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə aid məsələdir. Çünki az öncə Azərbaycan prezidenti "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsini təklif etmişdi. Lakin Ermənistan bu təklifi rədd etmişdi. Hər halda indi humanitar məsələlərin danışıqların gündəminə gətirilməsi onu göstərir ki, bu məsələ gələcəkdə Azərbaycanın təklif etdiyi çərçivədə həll olunacaq".

E.Ələsgərov təxminən danışıqların getdiyi vaxtda Ermənistanın Müdafiə naziri David Tonoyanın Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bəyanatla çıxış edərək səsləndirdiyi fikirlərin bir neçə məqamdan xəbər verdiyini söyləyib: "O, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib. Tonoyan deyib ki, onlar artıq bunun tam əksini, yəni "yeni ərazilər üçün yeni müharibə" edəcəklər. "Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür," - deyən nazir əlavə edib ki, Ermənistan hərbi əməliyyatları Azərbaycanın ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracaq.

Vyana görüşü müəyyən ümidlər yaradıb Əslində Tonoyanın bu bəyanatı Paşinyanın Azərbaycanla apardığı danışıqlara tam zidd xarakter daşıyır. Bu onu göstərir ki, hazırda Ermənistan rəhbərliyində Qarabağla əlaqədar yekdil fikir formalaşmayıb.

Ermənistanın Müdafiə nazirinin bəyanatı bir neçə məsələdən xəbər verir. Əvvəla, Tonoyan açıq bildirir ki, Dağlıq Qarabağ Ermənistan ordusu tərəfindən işğal olunub. İkincisi, həmin bu işğalçı ordu indi daha çox ərazi işğal etmək niyyətindədir. Üçüncüsü, separatçı rejimin guya özünün ordusunun olması tam cəfəngiyyatdır. Dördüncüsü, Ermənistan danışıqlarda guya Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını həlletmə hüququnu müdafiə edir. Lakin Tonoyanın bəyanatı göstərir ki, Ermənistanın Dağlıq Qarabağdakı davasının müqəddərat məsələsi ilə bağlı heç bir əlaqəsi yoxdur və tam yalandır. Beşincisi, bu bəyanat həm də onu sübut edir ki, Tonoyan sadəcə yalançıdır. Çünki cəbhə bölgəsində mövcud hərbi-siyasi vəziyyət Ermənistanın lehinə deyil ki, onlar hücuma keçsin. Yəni bu bir "blef"dir. Bu həm də onu göstərir ki, Ermənistan ordusunda vəziyyət o qədər bərbaddır ki, nazir döyüş ruhunu yüksəltmək üçün bu cür fikirlər səsləndirir. Eyni zamanda Ermənistanda siyasi dairələrdə Paşinyan hökumətinə qarşı böyük narazılıq var. Ona görə də ola bilsin ki, Tonoyan bu bəyanatını da daxildəki hərc-mərclik və inamsızlıq şəraitində ruh yüksəkliyi yaratmaq üçün səsləndirib".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az