Oğlu Nəsibə Zeynalova ilə bağlı bunları İLK DƏFƏ ETİRAF ETDİ: Hamımız yatan kimi, yan otağa keçib...


Kriminal 03 Apr 2019 05:30:00 278 0

Oğlu Nəsibə Zeynalova ilə bağlı bunları İLK DƏFƏ ETİRAF ETDİ: Hamımız yatan kimi, yan otağa keçib...

Onun üçün incəsənət peşə deyil, damarında axan qan, anasından, babasından qalmış ən böyük mirasdır. Onun üçün şöhrət çatmaq istədiyi zirvə deyil, bir addım gen durduğu qəlibdir. Özünün də dediyi kimi, o, məşhur deyil, Cahangirdir. Özünəxas xarizması, büründüyü bütün obrazları yaddaşımıza yazan sevimli aktyor, Xalq artisti Cahangir Novruzov...

Son.az publika.az-a istinadən sevimli aktyorumuz, uzun illərdir ki, Türkiyədə yaşayıb yaradan Cahangir Novruzovla müsahibəni təqdim edir.

- Bu günlərdə Andrey Mironov haqda yazırdım, bir fikri ilə rastlaşdım. Deyir ki, gözümü açandan anamın evdə məşq etdiyini görmüşəm. İllər keçdi, özümü səhnədə tapanda anladım ki, insanın özünə qarşı ən böyük qəddarlığı aktyor olmaqdır.

- Uşağa nə deyirsən de, hansı tərbiyəni verirsən ver, dönüb sənin söylədiyini yox, etdiyini edəcək. Bu mənada gözümüzü açıb valideynlərimizin, ətrafımızın bizim üçün yaratdığı mühitdə tərbiyə alırıq. Odur ki, bir insanın dünyaya baxışını ailəsinin yaratdığı mühiti formalaşdırır. Təbii ki, sənətkar ailəsində böyüməyimdən yola çıxsaq, bu faktı özümə də aid edə bilərəm. Mironovun evdə izlədiyi məşqlərin mən də bənzərinin şahidi olmuşam. Amma Nəsibə xanım bunu həmişə gözdən uzaq, hamımızın yatdığı vaxtda etməyə çalışırdı. Mən də gec yatan uşaq idim. Gizlin-gizlin anamı izləyirdim. Evdə onun ən çox sevdiyi köşəsi mətbəx idi. Gecələr mətbəxə keçib rolu üzərində çalışardı və hər bir xırdalığın üzərində durub istədiyinə nail olana qədər. Ümumiyyətlə, insan sənətkar olmaq istəyirsə, şöhrət üçün deyil, həqiqətləri olduğu kimi çatdırmaq naminə etməlidir. Mən də bu tərbiyənin təsir mərkəzində böyümüşəm. Odur ki, bu sənəti taleyin amansızlığı deyil, hədsiz bir zövq aldığım hədiyyəsi olaraq qəbul edirəm. Mən öz sənətimin vurğunuyam. Artıq 24 ildir ki, həyat yoldaşımla Türkiyədə yaşayırıq. Hər gecə o yatandan sonra özüm eşidəcək səslə bir şeir oxumasam, özümü o aləmə atmasam, rahat yuxuya gedə bilmərəm. Bu günlərdə Nəsimiyə daha çox həvəslənmişəm. Yaxud da bir tamaşa üzərində çalışdığımda, onun fikirləri məni gecə boyu yatmağa qoymur. Doğrudur, insan yorulur, bəzən yuxusuzluq çəkirsən. Kənardan əziyyət kimi görünə bilər, amma bu mənim ruhum üçün bir həzzdir.

- Sənət genetik kodunuza hopub. Bu səbəbdən iztirablarınız da doğmadır.

- Yəqin ki, elədir. Çünki mən gözümü bununla açmışam. Genetika elmi haqda geniş bilgim yoxdur. Amma bəlkə də bu duyğuların varlığından zövq almaq özü də irsi mirasla bağlıdır.

- Cahangir bəy, yeniyetmə vaxtlarınızdan filmlərə çəkilməyə başlamısınız. İlk ekran təcrübənizi necə xatırlayırsınız?

- "Ögey ana" filmi çəkiləndə çox kiçik idim. Nəsibə xanım məni sınaq çəkilişlərinə aparmışdı. Kənd uşaqlarından birini oynamalıydım. Sonradan sınaq təcrübələrim çox oldu. "Böyük dayaq" filminin toy səhnəsində göründüm və s. Amma ilk rolum Həsən Seyidbəylinin "Bizim Cəbiş müəllim" filmində olub.

- Cahangir bəy, qəribə bir gündəm yaranıb. Sosial şəbəkələrdə Azərbaycan gəncliyi iki cəbhəyə bölünüb. Özünə beynəlmiləl don geyindirib, xəyalən də olsa Avropaya teleportasiya olunanlar meyxana sənətini alçaldır, əks tərəf isə qarşılıqlı təhqirlərlə bir-birini susdurmağa çalışırlar. Mən ilk meyxananı rol aldığınız "Bizim Cəbiş müəllim" filmində eşitmişəm. Savaşa münasibətinizi bilmək istəyirəm.

- Folklor bir millətin zəruriyyətindən doğur. Meyxana tarix boyu Bakı Abşeron zonasında yetişib kənar bölgələrə də yayılıb. Düşünürəm ki, meyxana Sabir satirasının başqa bir formada davamı deməkdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında mizahlı düşüncə tərzinə, satiraya Seyid Əzim Şirvani, Sabir, hətta Üzeyir bəyin kiçik ölçülü şeirlərində də rast gəlinir. Meyxana isə mental zərurətdən doğan vəcf janrıdır. Bu, paltar deyil, xarici maşın, yaxud zinət əşyası deyil ki, bəyənib-bəyənməyəsən. Doğrudur, hər oxuyan Molla Pənah olmaz. Amma hətta Sovet dövründə belə meyxana gizli şəkildə vüsət tapdı. Çünki o vaxtlar doğrunu deməyə imkan vermirdilər və bu doğruları söyləməyə cəsarət lazım idi. Doğrudur, meyxana deyən insanların güclü savadı yox idi, universitet bitirməmişdilər, amma gəlin, keçmişə nəzər salaq. 300-500 il öncə yaşayan böyük fikir sahibləri də universitet bitirməmişdilər. Qəzəlxanlıq və meyxana Allah vergisidir. Onlar Allah vergisinə malik, sinədəftər insanlardır. Ömər Xəyyam mükəmməl astroloji, riyazi əsərlər yaradıb ki, şeiriyyatı kölgədə qalıb. Şeiriyyatında isə zamanının bir çox əskiklərini söyləmiş şairdir. Meyxanada incə bir məqam var. Kənardan baxan düşünər ki, savadsız, Bakı ləhcəsində şeir deyən adamları kim dinləyəcək. Amma onların necə danışmaqlarından çox nə danışdıqları önəmlidir. Elə götürək Əlağa Vahidi... Onun vaxtilə yığıncaqlarda bədahətən söylədiyi şeirləri lentə alsaydılar, indi cild-cild kitablar yazıla bilərdi. Bir millətin zərurətdən doğan yaradıcılığını bəyənib bəyənməmək bizim həddimiz deyil. Hətta belə deyim, bəyənməyə bilərsən, amma lüzumsuz, yox saya bilməzsən. Bu dünyada hər şey zərurətdən doğub. Cavan vaxtı düşünürdüm ki, axı milçək nəyə lazımdır? Oxuyandan sonra anladım ki, o qara milçək olmasa dünyanı üfunət basar, canlılar məhv olar. Çünki onlar təbiətin sanitarlarıdır. İngiltərədə maraqlı bir araşdırma aparılıb. Laboratoriya şəraitində qara milçəkləri infeksiyadan uzaq, böyüdüb, yumurtaları ilə qanqrena yaralarını sağaldıblar. Çünki diqqət ediblər ki, qara milçəyin yara üzərinə qoyduğu yumurtalardan çıxan böcəklər yalnız ölü hüceyrələri yeyirlər. Bu gün İngiltərədə qara milçək yetişdirən klinikalar var. Odur ki, zərurətdən doğulana qarşı çıxılmaz. Sözdə fikir varsa, onu görməzdən gəlmək mümkündür, amma anlamamaq əsla... Zamanında Bəhlul Danəndə qardaşının zülmündən qorxaraq özünü dəli yerinə qoyub, həqiqətləri dəliliyə bürünərək deyib. O cümlədən də meyxanaçılar təkamül yolunda həqiqətləri bu üsulla çatdırmağı seçiblər. O ki, qaldı meyxanadakı bugünkü səviyyəyə, orada da hər yerdə olduğu kimi ustadlar da, ortabablar da, tör-töküntülər də var. Məgər aşıq sənətimizdə hər əlinə saz alan sevilirmi?

- Bütün sahələrdə olduğu kimi...

- Əlbəttə. Amma unutmayaq ki, xoşumuza gəlsə də, gəlməsə də onlar şifahi xalq ədəbiyyatımızı yaradan əcdadlarımızın davamçılarıdır. Məsələn, mən, hər çalınan aşıq musiqisini bəyənmirəm, amma Aşıq Ədalətin ifasını sevməmək, azərbaycanlı olmamaq deməkdir. Elə teatr tariximizə nəzər atın, hər səhnəyə çıxan Nəsibə xanımdır, yaxud Bəşir Səfəroğludur məgər?

- Təbii ki, deyil.

- Düşünürəm ki, meyxananın inkişafına daha çox yardım edilərsə, meyxanaçılar da düşüncələrini klassik poeziya irsimizi mütaliə edərək zənginləşdirib, fərqli səmtlərdən yanaşmağa çalışarlarsa, fikir və ustalıq səviyyələri yüksəlmiş olacaq. Mən demirəm ki, Füzuli, Nəsimi oxuyub, onları təqlid etsinlər. Xeyr! Sadəcə istedad sahibləri dünyagörüşlərini genişləndirsinlər yetər. Amma təbii ki, hər oxuyandan Molla Pənah olmaz.

- Cahangir bəy, çağdaş Azərbaycan tamaşaçısı mütaliəyə meyil etməsə də sosial şəbəkələr sayəsində kortəbii şəkildə məlumatlıdır. Bəlli məsələdir ki, aktyor da tamaşaçısından zehniyyətcə, dünyagörüşcə aşağı olmamalıdır. Bunun üçün özündə hansı keyfiyyətləri inkişaf etdirməlidir?

- Sizə bir örnək çəkəcəm. Sovet İttifaqı Mədəniyyət Nazirliyinin Elmi Təkminləşdirmə İnstitutunun "Rəhbər kadrlar" fakültəsində təhsil aldığım müddətdə bütün tələbələrə üzərimizdə gəzdirdiyimiz vəsiqə ilə Sovet İttifaqının bütün teatrlarının qapıları üzümüzə açıq idi. Bir gün "Satira teatrı"na getdim. Televiziyadan da tanıdığımız çox məşhur aktyorlar oynayırdı. Tamaşa qanımı qaraltdı, amma sonadək baxmağa məcbur idim. Axşam qaldığımız otelə əhvalsız qayıtdım. Oteldə də təhsilli rejissorlar, dirijorlar, incəsənət xadimləri qalırdı. Baxdığımız bütün tamaşalar haqda fikir mübadiləsi aparırdıq, təəssüratlarımızı bölüşürdük. Məyus olduğumu bildirdim, dedim ki, satira teatrından bunu gözləməzdim. Bir neçə gündən sonra yenidən həmin teatrın digər tamaşasına gedib baxdım. İlk tamaşadakı aktyorların bəlkə də 80 faizi oynayırdı orada. Ən əsası isə valeh oldum. Məsələnin məğzi sadəcə aktyor deyil. Hər hansı bir filmin, tamaşanın, serialın təməlinə qoyulan fikrin estetik-fəlsəfi təzahüründə rejissorun böyük rolu var. Əgər həmin insan çağdaş düşüncəyə və zövqə sahib deyilsə, nə söylədiyini, nə istədiyini dəqiq bilmirsə, seyrçinin də marağı itəcək, tamaşaçı kütləsi filmdən, teatrdan üz çevirəcək. Təəssüf ki, öz üzərində çalışmayan aktyorlar var. Dramaturq bir problemi, düşüncəni ortaya atandır. Rejissor o fikirləri estetik-fəlsəfi biçimdə xarmanlayandırsa, aktyor da bu ağır yükü öz etik- estetik süzgəcindən keçirərək üz-üzə, göz-gözə xalqa təqdim edəndir. Yazıçı və rejissor güzgünün şüşəsidirsə, aktyor həmin şüşənin arxasına çəkilmiş gümüşdür. Bu ünsürlər olmasa, şüşə aynaya çevrilməz. Gümüşün keyfiyyətindən və şüşənin təmizliyindən yola çıxsaq, güzgünün keyfiyyətini müəyyən edirik. Əyrini düz, düzü əyri göstərən aynalarsa, cəmiyyətə zərər verir.

- Cahangir Novruzov kimi keyfiyyətli gümüş bu gün Azərbaycan səhnəsindən uzaq olsa da, yaratdığı obrazlar təravətini itirmir. Bu sözləri sizə jurnalist yox, tamaşaçı kimi deyirəm. "Ac həriflər" televiziya tamaşasında yaratdığınız bir-birindən tam fərqli 4 obraz sənət triumfudur. İstər uşaq vaxtı qorxduğum dərviş olsun, istərsə də əsərin ilk səhnələrində yaratdığınız qadın obrazı...

- Ramiz Həsənoğlu həmfikir olduğum yaxın dostum, məsləkdaşımdır. Biz eyni tarixi-estetik qavram içərisində tərbiyə almış insanlarıq. Azərbaycan ədəbiyyatının bu gözəl klassik incisini canlandırmaq üçün bir yerə toplaşmışdıq. İstər əsərin müəllifi olsun, istərsə də digər mütəfəkkirlər, bizim nəsil milli ədəbiyyatın nümunələri ilə böyüyüb. Uşaqlıqdan "Hophopnamə" masaüstü kitabım olub. Hətta sizə bir sirr açım ki, ən çox sevdiyim kitab "Ensiklopedik Lüğət"dir. Bəzən bir neçə saat davamlı sözlərin etimologiyasını, kökünü araşdırıram. "Quran"ı müxtəlif dillərdə oxuyuram. Çünki mənim üçün "Quran" dini kitab olmaqla yanaşı, həm də həqiqətləri bizə anladan ilahi fəlsəfi kitabdır. Qısası demək istəyirəm ki, biz mütaliə ilə böyümüş insanlarıq. Mənim ədəbiyyat müəllimim Bilqeyis xanım Təhmasib olub. Bu gün də ağarmış başımı Bilqeyis xanımın ruhu qarşısında əyirəm. Mən bir dəfə görmədim ki, o bizə "sən" deyə müraciət etsin. İçimizdəki şəxsiyyəti formalaşdıran insan idi. Biz belə bir epoxanın insanları olaraq yetişdik. Odur ki, Əbdürrəhim bəy Haqverdiyevi başqa cür canlandırmağa haqqımız yox idi. Onu da deyim ki, "Ordan-burdan" tamaşasına gec çağırılmışdım. Hər kəs 6 ay, mən cəmi 8 gün məşq etmişdim. Amma tamaşa çox uğurlu alındı. Çünki hesab edirəm ki, Üzeyir bəyin əsərlərini bilməyən, onu canında-qanında gəzdirməyən aktyor sənətkar deyil.


Xəbərə aid fotolar