Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir


Digərləri 02 Apr 2019 22:54:00 227 0

Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir

Prezident İlham Əliyevin müxtəlif kateqoriyalar üzrə vətəndaşların sosial müavinətlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə böyük minnətdarlıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu fikirləri aprelin 2-də Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına münasibət bildirərkən deyib.

Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Həmin addımlar cəmiyyət, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən də rəğbətlə qarşılanıb. Təşkilatın Rəyasət Heyəti bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir.

"Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğı digər dövlətlərə nümunədir. Veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir. Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir.