Azərbaycanın ən ucqar şərq nöqtəsi: Qartalın dimdiyi, quşların qışlağı, suitilərin adası...


Digərləri 02 Apr 2019 21:00:00 318 0

Azərbaycanın ən ucqar şərq nöqtəsi: Qartalın dimdiyi, quşların qışlağı, suitilərin adası...

Xəritədə qartalın başına bənzədilən Abşeron yarımadasının cənub-şərq qurtaracağına "qartalın dimdiyi" də deyilir. Coğrafi adı isə Şahdili burnudur. Suiti, Çilov kimi adaları nəzərə almasaq, Şahdili burnu Azərbaycanın ən ucqar şərq nöqtəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, zəngin təbiətə malik ölkəmizin 10 milli təbiət parkından ən kiçiyi olan Abşeron Milli Parkı da elə bu ərazidə yerləşir.

Rəvayətə görə, qədim zamanlarda Abşeron yarımadasının bu hissəsinə şahlar, yüksək mənsəbli əyanlar ov etmək üçün gəlirmişlər.

Abşeron Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 08 fevral tarixli sərəncamı ilə Bakı şəhərinin Pirallahı rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təmin edilməsidir.

Qartalın dimdiyi

Abşeron Milli Parkının faunası zəngindir. Burada suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, adi suilanı, gürzə, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu (qulələk), böyük ağnaz, boz və qırmızıbaş qazlar, yaşılbaş ördək, ağgöz qaraördək, enlidimdik ördək, fitçi ördək, cırıldayan ördək, bozqır qartalı, bizquyruq, adi cüllüt, adi caydağcüllüt, qumluq cüllütü, qıvrımlələk qutan, kürən vağ, boz vağ, böyük ağ vağ, qırmızıburun dalğıc, kəkilli dalğıc, böyük danquşu, qara çalağan, adi flaminqo, adi soltanquş, adi bəzgək, böyük maygülü, bozyanaq maygülü, adi qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, adi kirpi, oxlu kirpi, tülkü, porsuq, dovşan, qaban, Xəzərin sularında suiti, həmçinin müxtəlif növ balıqlar məskunlaşıb.

Bunlardan Xəzər suitisi, ceyran, adi soltanquş, bozqır qartalı, ağgöz qaraördək, fısıldayan qulələk, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan, adi bəzgək və s. "Qırmızı Kitab"a daxil olan növlərdir.

44444444444444444444444

Elə güman etməyin ki, parkın ərazisində gəzdikcə yuxarıda sadalanan canlılarla qarşılaşacaqsınız. Mövcud heyvanların əksəriyyəti gündüz vaxtı kolluqlarda, qamışlıqlarda gizlənir. Quşlara isə çox da yaxınlaşmaq olmur, dərhal qanad çalıb uzaqlaşırlar. Ümumiyyətlə, indi parkda quşların sayı azdır. Lakin oktyabr-fevral aylarında Şahdili sahillərində saysız-hesabsız quşları müşahidə etmək mümkündür. Buna görə də parka səyahət edənlər özləri ilə binokl götürsələr, əla olar. Binoklla quşları daha yaxından seyr etmək bir ayrı zövqdür.

Ümumiyyətlə, adları çəkilən və çəkilməyən quşların böyük əksəriyyəti parkın ərazisinə qış aylarında köç edir, az hissəsi isə ilboyu burada məskunlaşır. Buna görə də quşların qıt vaxtında belə, köç etməyib burada qalan az sayda vağ, qu, ördək, cüllüt, flaminqo, gümüşü qağayı və digər növlərə rast gəlmək olar. Təəssüf ki, hazırlıqsız getdiyimiz üçün adıçəkilən quşların görüntülərini təqdim edə bilmirik. Qalsın növbəti səfərə.