Aprel döyüşlərinin iştirakçısı: Yaralı idim, ancaq düşməni məhv etdim - FOTO


Digərləri 02 Apr 2019 13:50:00 196 0

Aprel döyüşlərinin iştirakçısı: Yaralı idim, ancaq düşməni məhv etdim - FOTO

Aprel döyüşləri ilə Azərbaycan Ordusu düşmənə sübut etdi ki, yenidən səngərlərdən döyüşə başlamağa, vuruşmağa və qələbə qazanmağa qadirdir.

Bakı. Ceyhun Ələkbərov - Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür. Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı. Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan əsgəri 1992-cil təvəllüdlü Emin Məhərrəmli xatirələrini Trend-ə bölüşüb. Hərbçi deyir ki, aprel ayının 2-si gecə saatlarında həyəcan siqnalı ilə piyadaların döyüş maşınında (PDM) Lələtəpə istiqamətinə yola düşüblər: “O vaxt polkovnik (indiki general-mayor) Mais Bərxudarov minaya düşən PDM-in qapısını açaraq məni və əsgər yoldaşlarımı texnikadan düşürərək özü ilə döyüşə apardı. Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Lələtəpəyə çatdıqda ətrafımız geri çəkilən erməni əsgərlərinin silah-sursatları ilə dolu idi. Onlar qorxularından şəxsi əşyalarını atıb getmişdilər. Əsgər vaxtı snayperçi idim, həm atıcı, həm də müşahidəçi olmuşam. Mənə qarşı tərəfi müşahidə etmək tapşırıldı və dərhal düşmənin iki texnikasını aşkar edərək komandirimə bildirdim”.