Qaxda Ümumdünya Meşələr Gününə həsr olunmuş təlim keçirilib (FOTO)


Digərləri 02 Apr 2019 13:35:00 260 0

Qaxda Ümumdünya Meşələr Gününə həsr olunmuş təlim keçirilib (FOTO)

Qax şəhəri 2 nömrəli məktəb-liseyində Ümumdünya Meşələr Gününə həsr olunan təlim keçirilib.

Bakı. Martın 29-da IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Qax şəhəri 2 nömrəli məktəb-liseyində Ümumdünya Meşələr Gününə həsr olunan təlim keçirilib. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ədbir meşələrin faydası ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə birgə layihə çərçivəsində təşkil olunub. Məlumdur ki, planetimizin “ağ ciyəri” hesab edilən meşələr Yer kürəsinin ən qiymətli təbii sərvətimizdir. İqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılmasında, canlı aləmin qorunub saxlanılmasında, ekoloji tarazlığın və ekosistemin qorunmasında, ayrı-ayrı coğrafi zonalarda iqlim şəraitin formalaşmasında, torpaqda rütubətin, çay və göllərdə su ehtiyatlarının artmasında, ölkələrin sosial-iqtisadi inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında meşələrin rolu əvəzedilməzdir. Azərbaycan meşələrinin vəziyyəti, son illər bir sıra tədbirlərin, o cümlədən meşəbərpa və meşəsalma işlərinin aparılması sayəsində yaxşılaşdırılsa da, insan fəaliyyətinin zərərli təsirləri, xüsusilə də çirkləndirmə, ağacların qanunsuz kəsilməsi, həmçinin iribuynuzlu heyvanların həddindən artıq otarılması nəticəsində dəyən zərər hələ də meşələrimizin ciddi mühafizəyə ehtiyacı olduğunu göstərir. Ən önəmli və dayanıqlı mühafizə üsullarından biri isə əhalinin, xüsusilə gənclərin meşə və yaşıllıqlarımızın ciddi şəkildə qorunması ilə bağlı maarifləndirilməsidir. Bunu nəzərə alaraq, layihə tərəfdaşları meşəətrafı rayonlarda yaşayan əhali üçün mütəmadi olaraq təlimlərin keçirilməsini labüd hesab edir. Qax rayonunda təşkil edilən təlimin əsas məqsədi gənc nəsli təbiətin, xüsusilə də meşələrin mühafizəsi üzrə səylərə cəlb etmək, meşələrin davamlı şəkildə idarə edilməsi, o cümlədən məhv edilmiş meşələrin bərpası, meşə sahələrinin artırılması yolları ilə bağlı onları maarifləndirməkdir.