I sinfə gedəcək uşaqların nitq bacarıqlarının yoxlanılmasına başlanıldı


Digərləri 02 Apr 2019 11:21:00 225 0

I sinfə gedəcək uşaqların nitq bacarıqlarının yoxlanılmasına başlanıldı

Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə komissiyaları fəaliyyətə başlayıb.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz 12 nömrəli, 3 saylı mərkəz 168 nömrəli, 4 saylı mərkəz 139 nömrəli, 5 saylı mərkəz 72 nömrəli, 6 saylı mərkəz 189-190 nömrəli, 7 saylı mərkəz 95 nömrəli, 8 saylı mərkəz 117 nömrəli, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyəti mərkəz rəhbəri tərəfindən idarə olunur.

Digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur.

Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir. Əks halda valideynlər Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər.