Almaniyanın “NİTRO Travel” jurnalında Bakı haqqında məqalə dərc edilib


Digərləri 02 Apr 2019 08:58:00 287 0

Almaniyanın “NİTRO Travel” jurnalında Bakı haqqında məqalə dərc edilib

Almaniyanın "NİTRO Travel" jurnalında dərc edilən məqalədə Azərbaycanın paytaxtı Bakının və ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin Qərbi Avropada səyahət hədəfi kimi hələ o qədər də yaxşı tanınmadığı, bununla belə Azərbaycanın öz landşaftı, mədəniyyəti və milli mətbəxi ilə maraqlı ölkə olduğu bildirilir.

Bakının ölkədə iqtisadiyyat və mədəniyyət mərkəzi olduğu, şəhərdə ali məktəb, tədqiqat institutları, teatr və muzeylərlə yanaşı, 2000-ci ildən etibarən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və tarixi orta əsrlərə təsadüf edən qədim şəhərin olduğu nəzərə çatdırılır. Müasir Azərbaycanın rəmzinə çevrilmiş "Alov qüllələri" kompleksinin şüşə fasadının xüsusən gecələr möhtəşəm göründüyü və qüllələrin sanki yandığını əks etdirdiyini vurğulanır.

Daha sonra məqalədə Bakının qədim hissəsi olan İçərişəhər haqqında məlumat verilir. Bildirilir ki, İçərişəhərin ən hündür yerində yerləşən Şirvanşahlar sarayı bir memarlıq incisidir. Buranın ən məşhur tikilisi hesab edilən və hündürlüyü 30 metr olan Qız qalasından İçərişəhərə və ətrafdakı tarixi tikililərə gözəl mənzərə açılır. Belə tikililərdən biri, Qız qalasının yaxınlığında yerləşən və XIX əsrə aid olan Hacınskinin mülküdür. Lakin Qərbdən (Avropa nəzərdə tutulur) olan imkanlı ailələr də şəhərdə özlərinə möhtəşəm evlər inşa etdiriblər ki, bunlardan biri Nobel qardaşlarına məxsusdur. Dünyanın ilk neft paytaxtı hesab olunan Bakıda Rotşildlər və Siemens qardaşları XIX əsrin sonlarında böyük gəlir əldə ediblər.

Qeyd olunur ki, İçərişəhərin yaxınlığında Bakı buxtası boyunca uzanan Bulvar axşamlar şəhər gənclərinin toplaşdığı və gəzdiyi yerlərdən biridir. Gün batarkən şəhərin işıqları yandırılanda buradan dənizə gözəl mənzərə açılır. Uzaqdan şəhərin panoramasına baxmaq istəyənlər üçün gəmi turları da var. Habelə turistlər İçərişəhərin küçələrində yerləşən balaca emalatxanalarda müxtəlif sənətkarlıq nümunələrinin hazırlanmasını izləyə bilərlər.

Məqalədə Gəncə haqqında da məlumat verilir. Qeyd olunur ki, ölkənin qərbində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Gəncə orta əsrlərdə İpək Yolu üzərində ticarət mərkəzi rolunu oynayıb. XVII əsrə aid Şah Abbas məscidi, 50 min şüşə butulkadan inşa edilən Şüşəli Ev şəhərin görməli yerlərindəndir. Bir neçə il öncə Gəncədə istifadəyə verilən konsert və opera sarayında mütəmadi olaraq baletlər və teatr tamaşaları nümayiş etdirilir.