Kəlbəcərin işğalından 26 il ötür


Digərləri 02 Apr 2019 00:01:00 201 0

Kəlbəcərin işğalından 26 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür.

Bakı. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür. Trend-in məlumatına görə, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 60 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. İşğal nəticəsində Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbiristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilib. Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının orijinal arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın "Vallex" Qrupunun tərkibinə daxil olan "Base Metals" şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib. 2007-ci ildən etibarən "GeoProMining" şirkətinə daxil olan "GPM Gold" şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.