"Dünyanın xilaskarı" haradadır?


Digərləri 01 Apr 2019 23:10:00 335 0

"Dünyanın xilaskarı" haradadır?

Luvr Muzeyinin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) filialının əməkdaşları İntibah dövrünün dahi rəssamı Leonardo da Vinçinin burada nümayiş etdirilməsi nəzərdə tutulan "Dünyanın xilaskarı" əsərinin harada olduğunu bilmirlər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, həmin əsəri 2018-ci ilin sentyabrında Luvrun Əbu-Dabi filialında nümayiş etdirmək planları izahatsız ləğv edilib. Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti vəziyyətə aydınlıq gətirməkdən boyun qaçırıb. Luvrun Əbu-Dabi filialının adlarının çəkilməsini istəməyən əməkdaşlarının sözlərinə görə, onlar tablonun harada olduğunu bilmirlər.

Qəzet yazır ki, "Dünyanın xilaskarı"nın yerini Luvr Muzeyi də müəyyənləşdirə bilməyib. Luvrla və Əbu-Dabi filialının nümayəndələri arasında məsləhətləşmələrdən xəbərdar olan şəxslər bu informasiyanı təsdiq ediblər. Fransanın hakimiyyət orqanları tablonun tapılacağına ümid bəsləyirlər.

Məqalədə rəssamlıq sahəsində bir sıra ekspertlərin sözləri sitat gətirilib. Onların bəzilərinin fikrincə, tablonun müəllifinin Leonardo da Vinçi olması şübhə doğurur.