31 mart soyqırımı ilə əlaqədar Ombudsman silsilə tədbirlər keçirib


Digərləri 01 Apr 2019 21:15:00 313 0

31 mart soyqırımı ilə əlaqədar Ombudsman silsilə tədbirlər keçirib

Hər il olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bakı və bölgələrdə, Ombudsmanın regional və resurs mərkəzlərində silsilə tədbirlər təşkil edib.

Son.az bildirir ki, Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhəri İ.Qayıbov adına 3 saylı və Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəblərdə, Şəki Regional Mərkəzi tərəfindən Balakən rayonu Tülü, Zaqatala rayonu Göyəm, Oğuz rayonu Çalut kəndlərində, Şəki rayonunun Çələbixan qəsəbəsində və Küdürlü kəndində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq tipli uşaq evində, Cəlilabaddakı Tibb Kollecində, 2 və 8 saylı tam orta məktəblərdə, Quba Regional Mərkəzi tərəfindən isə Şabran şəhər 2 saylı, Quba rayon 6 saylı və rayonun Qaraçay məktəblərində belə silsilə tədbirlər keçirilib. Habelə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba soyqırımı Memorial Kompleksi ziyarət edilib.

Həmin tədbirlərdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adı çəkilən regional mərkəzlərin rəhbərləri çıxışlar edərək mövzu ilə bağlı ətraflı məlumat veriblər. 31 mart qanlı hadisələrindən yalnız 80 il sonra - 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verildiyi, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildiyi və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğu bildirilib.

Bu soyqırımın Azərbaycan tarixində baş vermiş faciələrdən ən qanlı və dəhşətlilərindən biri olduğu, "Böyük Ermənistan" yaratmaq xülyası ilə ermənilərin 1905-1907-ci illərdə, həmçinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin Azərbaycan torpaqlarını əhatə etdiyi, həmin il erməni-bolşevik birləşmələri, silahlı daşnakların dinc azərbaycanlıların evlərinə soxularaq kütləvi insan qırğınını həyata keçirdiyi və bunun 31 mart - 2 aprel tarixlərində davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmış, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillər olmuş, bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmışdır.