Türkiyədə bələdiyyə seçkiləri:


Dünya 01 Apr 2019 21:00:00 247 0

Türkiyədə bələdiyyə seçkiləri:

"Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin ən böyük sürprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı. Bu səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli Yıldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstəgəl Ankara da əldən getdi. Bu gələcəkdə Ərodğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq".

Son.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Türkiyədəki seçkiləri şərh edərkən deyib. Politoloq hesab edir ki, buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı: "Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn Hakkari 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Hakkaridə AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar. Bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar. CHP ilə koalisiyada olan İyi Parti isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb, ikinci qütb CHP ətrafında formalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlədə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub".