DGK iddialara cavab verdi


Digərləri 01 Apr 2019 20:47:00 254 0

DGK iddialara cavab verdi

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi (DGK) və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

DGK-dən Son.az-a verilən məlumata görə, özünü iş adamı kimi təqdim edən Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmayıb və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edir.

Digər bir iddia isə ondan ibarətdir ki, guya, ixrac edilən malların invoys dəyəri gömrük orqanları tərəfindən məcburi qaydada artırılır və bununla da sahibkar əlavə vəsaitlər itirir.

DGK bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 (iyirmi min) manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.

Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (otuz min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.