Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib


Digərləri 01 Apr 2019 17:55:37 216 0

Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib.

Bakı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov, Aprel döyüşlərinin iştrirakçısı istefada olan kapitan Hikmət Məmmədov, şəhid Vüsal Alıyevin anası Şahnaz Alıyeva, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova, şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova , şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Teymur Qasımovun anası Gülnar Qasımova tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər. Qeyd edilib ki, üç il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.