Bakıda “Yer saatı 2019” adlı kütləvi tədbir keçirilib (FOTO)


Digərləri 01 Apr 2019 09:39:24 217 0

Bakıda “Yer saatı 2019” adlı kütləvi tədbir keçirilib (FOTO)

Bakıda “Yer saatı 2019” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib.

Bakı. Martın 30-da Bakıda “Yer saatı 2019” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən növbəti dəfə “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi statusunu əldə etmiş IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları dünya memarlığının incisi sayılan Heydər Əliyev Mərkəzinin parkında toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. Gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər. Daha sonra onlar rəmzi gerisayımda kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər. Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı 2019” aksiyası zamanı əyləncəli fleşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin böyük marağına səbəb olub. “Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2018-ci ildə 188 ölkə tərəfindən qeyd edilib. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb.