"Bu sənət mənə daşlarla ünsiyyət qurmağı öyrədib" FOTO


Kriminal 01 Apr 2019 06:30:00 330 0

"Bu sənət mənə daşlarla ünsiyyət qurmağı öyrədib"  FOTO

Şəkili rəssam Tahir Həmidlinin adi qaya daşları üzərində yaratdığı rəsm əsərləri görənlərin böyük marağına səbəb olur. Bildiyimizə görə, sənətkar təkcə Şəkidə deyil, eləcə də Azərbaycanda, bəlkə də dünyada bu üslubda işləyən yeganə rəssamdır. Şəkinin məşhur tarixi abidələri, orta əsrlərə aid küçələri, qədim evləri onun daş üzərində çəkdiyi təsvirlərin əsas mövzusunu təşkil edir.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Tahir Həmidlinin emalatxanasında olub, daş üzərində təsvir sənətinin incəlikləri ilə maraqlanıb.

Rəssamın bildirdiyinə görə, bu emalatxana ona babası Saleh kişidən qalıb. Yüz il ömür sürən Saleh usta Şəkidə ən məşhur dulusçulardan olub. Onun düzəltdiyi keramika qabları bütün Qafqazda məşhur idi.

Tahir Həmidli 1953-cü ildə Şəki şəhərində anadan olub. 1968-1972-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına rəssamlıq texnikumunda rəngkarlıq ixtisası üzrə təhsil alıb. 1972-ci ildə Özbəkistanın paytaxtı Daşkənddəki Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olub. Burada ali təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra doğulduğu şəhərə qayıdıb, mədəniyyət şöbəsində əmək fəaliyyətinə başlayıb. 1982-1995-ci illərdə Şəki Dövlət Rəsm Qalereyasında direktor vəzifəsində çalışıb, daha sonra müəllimliklə məşğul olub. O, 35 ilə yaxındır ki, Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinə rəhbərlik edir.

Yaradıcılığının ilk illərində əsasən qrafika janrında işləyən rəssam Tahir Həmidli daş üzərində təsvirlər çəkməyə 2005-ci ildən başlayıb. Rəssamın sözlərinə görə, yaradıcılığı ilə bağlı xarici ölkələrdə olarkən oradakı sənətkarların timsah dərisi, saman, ağac və digər materiallardan satış məqsədi ilə hazırladıqları milli suvenirləri, hədiyyələri görəndə çox təəssüflənirmiş ki, bizim sənətkarlar bu sahəyə niyə az maraq göstərirlər. Tahir Həmidli deyir: "Bir rəssam kimi hər zaman bu sahədə nə edə biləcəyimi düşünürdüm. Həmin vaxtlar Şəki xanlarının sarayının bərpası ilə məşğul idik. Bir gün işdən evə qayıdanda qarşıma tünd rəngli maraqlı bir yastı daş çıxdı. Fikirləşdim ki, daşın üzərinə rəngkarlıq və ya qrafika üslubunda bir təsvir çəkmək olar. Əlin içi ölçüsündə olan bu daşı emalatxanama gətirdim və onun üzərində ağ rənglə Şəkinin orta əsrlərə aid qədim bir küçəsindən fraqment işlədim, çox maraqlı alındı. Üzərində təsvir olan bu daşı emalatxanamda digər əsərlərimin yanına qoydum. Emalatxanama tez-tez yerli və xarici turistlər gəlirdi, əl işlərimlə maraqlanırdılar. Bir dəfə amerikalı xanım daşdan düzəltdiyim həmin işi görüb çox bəyəndi və mənə o əsəri satmağı təklif etdi. Düzü, satmaq istəmirdim, çünki bu üslubda ilk əl işim idi. Lakin amerikalı qonaq təkid etdi və həmin əsəri məndən 50 ABŞ dollarına aldı. O vaxt ağlıma belə gəlməzdi ki, nə vaxtsa daşlardan milli suvenir-hədiyyələr hazırlayacağam və bu, mənim kiçik biznesim olacaq".

Bu hadisədən ruhlanan Tahir Həmidli 2005-ci ildə 30-dək daşın üzərində Şəkinin qədim tarixi abidələri, məhəllələri əks olunan maraqlı bir ekspozisiya yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2006-cı ildə Şəkiyə səfərləri çərçivəsində yeni bərpa olunmuş Şəki xanlarının sarayı ilə tanışlıq zamanı abidənin həyətində Tahir Həmidlinin 30 daşdan ibarət sərgi-kompozisiyasına baxıblar. Sərgi onların xoşuna gəlib və ali qonaqlar rəssama bu sahədə fəaliyyətini davam etdirməyi tövsiyə ediblər.

Rəssamın bildirdiyinə görə, sənətinə verilən bu yüksək qiymət onu daha da ruhlandırır və bu işə daha böyük həvəslə girişir. İlk vaxtlar uzunluğu 15-20 santimetr olan daşlar üzərində işləyirdisə, sonralar ölçüləri daha böyük - 100-150 santimetr olan qaya daşları üzərində təsvirlər yaradır. İşinə daha məsuliyyətlə yanaşır, daşların seçiminə, rənginə, fonuna xüsusi diqqət yetirir, hazırladığı əl işlərinin alıcıları cəlb etməsi üçün onları çərçivəyə salır.

Bu gün Tahir Həmidlinin əl işlərinə dünyanın bütün qitələrində, Avropanın bütün ölkələrində, uzaq Yaponiyada, Çində, ABŞ-da, bir sözlə, hər yerdə rast gəlmək mümkündür. Şəkidə səfərdə olan ali qonaqlara, müxtəlif ölkələrin hazırkı və keçmiş prezidentlərinə, səfirlərə, tanınmış insanlara bu şəhərlə bağlı xatirə hədiyyəsi olaraq şəkili rəssamın daş üzərində çəkdiyi əsərlər təqdim olunur. Şəkiyə gələn adi turistlər də üzərində təsvir olan daşları böyük həvəslə alırlar.


Xəbərə aid fotolar