Niyə ədəbiyyatımızda düşmən erməni obrazı yoxdur?


Digərləri 31 Mar 2019 20:07:00 313 0

Niyə ədəbiyyatımızda düşmən erməni obrazı yoxdur?

Son.az oxu.az-a istinadən Aqşin Yeniseyin yazısını təqdim edir

Uşaq olanda televiziyada tez-tez "Qıdı Kirvə" deyə bir adam göstərərdilər və bu Qıdı Kirvə ekranda peyda olan kimi evdəkilər uğunub-gedərdi gülməkdən. Çox balaca idim, teatrın, kinonun, televiziya tamaşasının nə olduğunu bilmirdim, indiki kimi müəlliflərə, üslublara deyil, obrazlara, personajlara maraqlı idim, Qıdı Kirvə də onlardan biri idi.

Sosial şəbəkələrdə bəzi yazarlarımızın Cəlil Məmmədquluzadəni "Novruzəli" hekayəsində Azərbaycan kəndlisini erməni uşağın ayağına verməkdə ittiham etdiyini oxuduqca o uzaq uşaqlığımın gülməli, yastı-yastı danışan, lopabığ, kök arvad kimi gen paltarlar geyinmiş tösmərək personajını xatırlayıram - Qıdı Kirvəni. Sonralar ekranlardan yoxa çıxan o erməni kəndlisini.

Son 200 ildə Rus-Osmanlı müharibələrinin nəticəsində ruslarla ortodoks xristian əlbirliyi nümayiş etdirərək fürsət tapdıqca türklərə açıq və gizli şəkildə əl qaldırmağa cəsarət etsələr də, türk, o cümlədən, Azərbaycan ədəbiyyatında düşmən erməni obrazına rast gəlmirik, son illərin bəzi sənət əsərlərini çıxmaq şərtilə.

Yaradıcı təxəyyülümüz erməniləri daha çox komik və hiyləgər personajlar kimi xatırlayır, məsələn, Axundovun "Hacı Qara" komediyasında ruslara cuğulluq edən camış alverçisi, Vaqif Mustafayevin "Bəyin oğurlanması" filmində altdan-altdan hamıya göz qoyan erməni bərbəri kimi.

Türkiyə romanlarında isə ermənilər daha çox erməni qadınları ilə təmsil olunurlar; əksəriyyəti də fahişəxana (türklər "genel ev", yaxud "randevühane" deyirlər) işlədən qadınlardır, xüsusilə İstanbulun Bəyoğlu səmtinin erməni qadınları türk romançılarının daimi "sakinləridir".

Əsasları da var, çünki son illərə qədər Türkiyənin "Genelev patroniçesi, vergi rekortmeni Matild Manukyan" kimi tanınan erməni əsilli qadın fahişəxanalardan götürdüyü gəlirlərlə altı dəfə vergi rekordu qazanmış bir iş adamı idi.

Ermənilərin türklərə bu qədər pataloji düşmənçilik bəsləməsinin qarşısında nə üçün türk ədəbiyyatında düşmən erməni obrazı yox?

Daha sonra verəcəyim izaha keçməzdən əvvəl qulağımızın dibində yazılan dünya ədəbiyyatından bir nümunə gətirəcəyəm: böyük rus yazıçısı Lev Tolstoyun "Hacı Murad" əsərini.

Çox güman, dövrünün Osmanlılarından dəstək alaraq ruslara Qafqazda qan udduran Şeyx Şamilin yaxın silahdaşı, deyilənə görə, sonra ruslar tərəfə keçsə də, sonda yenə onlarla döyüşərək ölən Hacı Muradın, Tolstoyun sözləri ilə desək, Qafqazda "rus donuzlarını necə döyməsini hamı bilirdi".

Amma böyük rus yazıçısı "Hacı Murad" əsərində bu amansız rus düşməninin mərd, qorxmaz obrazını yaradaraq, onu rus ədəbiyyatında müsbət bir qəhrəman kimi əbədiləşdirdi. Bu "düşmənsevərlik" Tolstoya haradan gəlirdi? Bu yerdə biz sənətin siyasət anlayışı ilə siyasətin sənət anlayışını bir-birindən ayırmalıyıq.