Britaniya hökumətinin hazırladığı


Digərləri 31 Mar 2019 19:56:00 235 0

Britaniya hökumətinin hazırladığı

Məxfilik müddəti bitəndən sonra açıqlanmış sənədlərə görə, Soyuq Müharibə illərində Britaniya hökuməti "saxta xəbərlər" yaratmaqla məşğul olub.

Britaniya Xarici İşlər Nazirliyində təbliğat işinə İnformasiya Araşdırmaları Departamenti (IRD) cavabdeh idi.

Bu qurum 30 il ərzində jurnalistləri informasiya ilə təmin edirdi və özünün xəbər agentliyi də var idi.

2019-cu ilin əvvəlindən departamentin 2 minə yaxın sənədi Britaniya Milli Arxivinə verilmişdi

"Soyuq müharibə"

Sənədlərin əsas hissəsi 1960-cı illərin əvvəlinə aiddir, yəni IRD-nin fəaliyyətinin zirvə dövrünə.

Həmin dövrdə bu qurumda 400-dən 600-dək adam işləyib, "Britaniyanın gizli təbliğat müharibəsi" adlı kitabında müəllif Paul Lashmar bildirir.

1978-ci ildə Paul Lashmar IRD-nin mövcudluğu barədə ilk dəfə məlumat vermiş jurnalistlər qrupunun tərkibində olub.

Onun sözlərinə görə, saxta xəbərlərin yaradılmasında bu təbliğat departamentinin rolu yalnız indi aydınlaşmağa başlayır.

IRD-nin maliyyələşməsini "gizli səsvermə" deyilən mexanizm təmin edirdi - həmin mexanizm hökumət vəsaitlərinin parlament yoxlamasından keçmədən xərclənməsinə yol verir.

Şöbənin əsas fəaliyyəti Britaniyanın xaricində keçirilirdi, lakin məlumatlar Londonda mənzillənən alimlər və müxbirlərə də ötürülürdü.

Berlin divarı Soyuq Müharibənin ən məşhur simvoludur.

Açıqlanmış sənədlər arasında etibar edilən jurnalistlərin siyahısı var.

1960-cı ildə həmin siyahıda Neal Ascherson-un adı da olub.

O dövrdə Neal Ascherson Observer qəzetində müxbir işləyirdi, onu IRD-ə SSRİ üzrə mütəxəssis Edward Crankshaw təqdim etmişdi.

"Məni London klublarından birinə apardılar, Edward və daha bir yoldaşla birgə yaxşı bir yemək yedik, - Ascherson xatırlayır. - Onlar mənimlə tanış oldular, götür-qoy etdilər, sonra isə mənə tərkibində Şərqi Avropa barədə "məhsul" olan xəbər bülletenini almaq imkanı verdilər.

IRD-in məlumatı fərdi qaydada yayılırdı və məxfi sayılırdı - lakin Ascherson bir müddətdən sonra anladı ki, həmin məlumat tamamilə faydasızdır, çünki köhnəlmiş xəbərlərdən tərtiblənmişdi.

Ascherson belə qənaətə gəldi ki, həmin bülletenlərdəki təhlil "uşaq səviyyəsində və Soyuq Müharibə şablonlarından çox sayda istifadə etməklə" tərtiblənib və bu cür məlumatlardan öz işində heç zaman istifadə etməyib.

Saxta blank

Paul Lashmar-ın sözlərinə görə, IRD rəsmiləri qarşı tərəflə oyun oynamağı xoşlayırdılar.

Bu qurumun layihələrindən biri Budapeştdə mənzillənən sol yönümlü Ümumdünya Demokratik Gənclər Federasiyasının (WFYD) mətbuat konfransından mətbuat üçün saxta məlumatın hazırlanması olub.

1963-cü ildə Bolqarıstanda təhsil alan afrikalı tələbələr dünya xəbər başlıqlarında yer aldı.

Onlarla tələbə irqi diskriminasiyanı səbəb kimi göstərərək ölkəni tərk etdi.

IRD Şərq blokuna qarşı nifrət kampaniyasını qızışdırmaq üçün bu fürsətdən istifadə etmək qərarına gəldi.

IRD-in hazırladığı saxta xəbər WFYD-ın adı göstərilmiş saxta blankında çap edilərək yüzlərlə qəzet və politoloqlara göndərildi.