Gizlin dəfn edilən böyük aktyor


Kriminal 31 Mar 2019 18:30:00 235 0

Gizlin dəfn edilən böyük aktyor

Son.az bildirir ki, Modern.az saytı Adil İsgəndərov haqda maraqlı yazı ilə çıxış edib. Həmin yazını oxucularımıza təqdim edirik. 

"Heyvagülü" sifariş olunur...

Onun haqqında düşünəndə nədənsə gözlərimin önünə əvvəlcə "Qanun naminə" filmində yaratdığı Kamilov obrazı gəlir. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas "Çal, mənim havamı çal, heyvagülü" deyir və ağır-ağır oynamağa başlayır. Bir də həmin filmdəki sonuncu kəlməsini xatırlayıram "Kaş, Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə yaşayardım".  

Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun iç dünyası arasında nə isə bir bağlılıq var... Kamilova möhlət verilsəydi, əvvəlki həyatından fərqli olaraq yalnız xeyirxah əməllərlə məşğul olardı. Çünki onun daxili dünyası safdır, sadəcə şeytan əməlinə qalib gələ bilməyib. Bəs, Adil İsgəndərovun özünə bu möhlət verilsəydi, nə edərdi? Görəsən, ömür boyu getdiyi düz yoldan, şəxsiyyətini, mənliyini, sənətini hər şeydən üstün tutduğu üçün çəkdiyi baş ağrılarından qurtulmaq üçün əks istiqamətə yollanardımı? Yəqin ki, yox, çünki...  Tanrının bizə bəxş etdiyi kiçik zaman kəsiyini hərəmiz bir cür başa vururuq. Kimisi sadəcə gəlir bu özülü ədalətsiz qoyulmuş dünyaya, ona verilən vaxtın keçəcəyini gözləyə-gözləyə yaşayır, kimisi çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul olur. Eləsi də var ki, ona verilən həmin qısacıq vaxtda özündən sonrakı ömrünü qazanır. Adil İsgəndərov kimi...  Adının qarşısından bilərəkdən dürlü-dürlü titullar yazmıram. Əslində həm rəsmi şəkildə, həm də qeyri-rəsmi xalq artisti idi.  Həqiqətən xalqın olan sənətkarı xalq unutmur, şəxsiyyəti və sənəti bütöv olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən yada salmasalar da nəsillər dəyişir, amma o ad əbədi qalır. Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov... siyahı o qədər də uzun deyil. Sayı o qədər də çox sənətkarlar arasında Adil İsgəndərovun da imzası var. 

Onun quruluşunda "Vaqif" tamaşası  1064 dəfə oynanılıb

Bakı Teatr Texnikumunda aldığı təhsillə qane olmayan məzun A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Tam hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil İsgəndərovu bir il sonra baş rejissor təyin edirlər. İlk rejissorluq işinə "Polad qartal" tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində "Həyat", "Vaqif", "Xanlar", "Fərhad və Şirin", "Aydın", "Şərqin səhəri", "Otello", "Cavanşir" kimi tamaşalara həyat verir.  

Onun quruluşunda "Vaqif" tamaşası milli teatrın səhnəsində düz 1064 dəfə səhnələşdirilib. "Otello" tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışların səngiməməsinə görə düz 17 dəfə bağlanıb və yenidən açılıb. Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar milli teatrın yeni binaya köçürülməsinə razı olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır deyir. Eşitmirlər onu. Sənətkar həqiqəti izhar etdiyi üçün incidilir və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur.   

Kinostudiyada

1966-cı ildən başlayaraq "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız "Əhməd haradadır?" filminin quruluşçu rejissoru olmağa vaxtı çatan Adil İsgəndərov filmlərdə müxtəlif səpgili obrazlar yaradıb. Həmin illərdə ondan soruşurlar ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında "Dişimidişimə sıxıb dözürəm" deyir. Kərbəlayi İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və sadəlövh, gülsatan qıza valeh olan şişman alman məmuru kimi obrazların yaradıcısı həm də, 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.