Birinci arvadını qətlə yetirmiş Rövşən 66 yaşlı sevgilisini də sağ qoymadı


Kriminal 31 Mar 2019 17:41:00 256 0

Birinci arvadını qətlə yetirmiş Rövşən 66 yaşlı sevgilisini də sağ qoymadı

İlk dəfə keçmiş arvadını öldürdüyünə görə həbsxanaya düşüb. İki körpə övladına anası baxıb. Lakin azadlığa çıxdıqdan sonra içki düşkünü olan oğul anasına da əl qaldırıb. İkinci dəfə ailə qurub, yenə alınmayıb. Bir-birinin ardınca gələn uğursuzluqlar sonda yenə yolunu həbsxanaya salıb. Bu dəfə özündən 14 yaş böyük qonşu qadının qətlində şübhəli bilinərək dəmir barmaqlıqlar arxasına göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 52 yaşlı Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il sentyabrın 10-da Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsindəki 1 saylı yataqxanada baş verib. Köhnə qonşusu Minayə Həsənli ilə görüşmək üçün yataqxanaya gələn R.Məmmədov onunla mübahisə edib. Mübahisə zamanı M.Həsənliyə 17 bıçaq zərbəsi endirilib.

Öldürülən iki uşaq anası və 11 illik cəza

R.Məmmədov ilk cinayətə 29 yaşında "imza atıb". Həmkəndlisi Sima Məmmədova ilə ailə quran Rövşən bir müddət sonra arvadını və iki uşağını da özü ilə götürərək Ağstafadan Bakıya köçüb. Paytaxtdakı tikinti materialları bazasında fəhləlik etməklə onları dolandırıb.

İlk günlər hər şey yolunda getsə də, sonralar arvadının başqası ilə görüşdüyünü iddia edən, bu səbəbdən də onu qətlə yetirən (ər-arvad rəsmi şəkildə boşansalar da, eyni evdə yaşayıblar - red.) Rövşən məsuliyyətdən yaxa qurtarmaq üçün Rusiyaya qaçıb.

Anasına əl qaldıran oğul

Bir müddət gizlənib, sonradan tutularaq istintaqa təhvil verilib. Qəsdən adam öldürdüyünə görə Rövşən 11 il həbs cəzası alıb.

Onun övladlarına anası Gülşan Məmmədova baxıb - nəvələrinə həm atalıq, həm də analıq edib.

R.Məmmədov 2007-ci ildə azadlığa buraxılıb. Həbsxanadan çıxandan bir müddət sonra Gülşən adlı qadınla evlənib. Sonuncunun babasına məxsus otaqda - Sumqayıt şəhəri Kompressorlar zavodunun yataqxanasında yaşayıblar. Amma bu evlilik də uzunömürlü olmayıb. Rövşənin spirtli içkiyə qurşanması ailədaxili narazılıqlara gətirib çıxarıb. İş o yerə çatıb ki, ər-arvadın davasına müdaxilə edən ana da döyülüb xəsarət alıb. O vaxtdan sonra G.Məmmədova bir daha oğlu ilə üz-üzə gəlməyib, onu danışdırmayıb.

Ev təmiri, hörgü işləri ilə məşğul olan Rövşənin qonşuluqda yaşayan, sələmçiliklə məşğul olan Minayə ilə ilk tanışlığı da elə sözügedən yataqxanadan başlayıb.

Sələmçi qadınla yaşanan gizli "eşq məcarası"

O ki qaldı 66 yaşlı Minayəyə, yataqxana sakinləri, qonşular əsəbi, acıdil, dalaşqan olduğuna görə bu qadını sevməyiblər. Əksəriyyəti isə, ümumiyyətlə, onunla ünsiyyət saxlamağa ehtiyat edib. Sələmçiliklə məşğul olan Minayə yataqxanadakı iki otaqlı mənzildə tək-tənha yaşayıb. Mənzildən bir qədər aralıda isə - pilləkənlərin yanında boş sahədə özünə mətbəx, hamam-tualet tikdirib qonaq-qarasını orada qəbul edib, gecədən gecəyə mənzilə keçib.

Rövşəngil Minayə ilə eyni mərtəbədə yaşayıb, yaxın qonşu olublar. Təmir işlərini bacardığından, mütəmadi olaraq Minayənin evinə gedib-gəlib. Amma sonradan məlum olub ki, özündən 14 yaş böyük olan qonşu qadınla Rövşənin arasında daha isti münasibət olub. Arvadı ilə yola getməyən, sərxoş vəziyyətdə evdə dava-dalaş salan Rövşənin həyat yoldaşı bezib atası evinə getdikdən sonra özü də yataqxanada qalmayıb, kirayə evə köçüb. Amma daim Minayənin yanına gedib-gəlib. Növbəti gəlişlərin birində isə əlini qonşu qadının qanına bulayıb...

Heç kim şübhələnməyib

İstintaqa verdiyi ifadəsində R.Məmmədov deyib ki, Minayə söyüşcül, dalaşqan, xoflu olduğundan qonşular ona baş qoşmayıb: "Mən də sələmi qaytara bilmirdim. Minayə pulun müqabilində evində təmir işləri aparmağımı istədi, razılaşdıq. 2015-ci ildə onun evində təmir işləri apardıqdan sonra birlikdə yemək yedik, içki içdik. Həmin gün ilk dəfə aramızda yaxınlıq oldu".

R.Məmmədovun ifadəsinə görə, bundan sonra Minayə ilə münasibətləri davam edib. Özündən 14 yaş böyük olan Minayə ilə bu münasibətdən kimsə şübhələnməyib: "Gülşənlə dalaşdıq, küsüb atası evinə getdi. Ona görə mən də kirayədə yaşayıb fəhləlik edirdim. Amma Minayə ilə əlaqəni kəsməmişdim, yanına gəlib gedirdim. İçkili olanda Minayə məni özünə yaxın buraxmırdı".

Qətl günü