Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar Raketlərdən tutmuş "dəmir günbəz"ə qədər...


Digərləri 31 Mar 2019 17:31:00 200 0

Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar  Raketlərdən tutmuş "dəmir günbəz"ə qədər...

İsrail silahlarının ən iri idxalçıları arasında Azərbaycan Hindistan və Vyetnamdan sonra üçüncü yeri tutur. Müxtəlif mənbələrin məlumatlarına əsasən, 2017-ci ildə Tel-Əviv Bakıya azı 140 milyon dollarlıq silah-sursat ixrac edib. Bu ixracatın tərkibində ən müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən fəaliyyət radiusu 1000 kilometrə çatan ən yeni zərbə modifikasiyaları əhəmiyyətli yer tutur. İxracatına 2015-ci ildə başlanmış ən güclü İsrail dronlarından biri lisenziya əsasında Azərbaycandakı zavodlardan birində istehsal edilir.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Nezavisimaya qazeta" nəşrində dərc edilmiş məqaləsində kimya və fəlsəfə elmləri doktoru, professor Zaxar Gelman bildirib.

Müəllif qeyd edir ki, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən eyni zamanda gecə müşahidəsi cihazları və elektron nişanalma sistemləri alınıb. İsraildən müdafiə məqsədli kibernetik sistemlərin ixracatı perspektiv istiqamət hesab oluna bilər. Çox ola bilsin ki, yaxın zamanlarda çoxprofilli uçuş aparatlarının istehsalı üzrə Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin "Aeronautics" konserni arasında müqavilə gerçəkləşsin.

Zaxar Gelman məqaləsində yazır ki, Azərbaycanın Milli Ordusunun cəbbəxanasında həmçinin "Barak-8" zenit raket kompleksləri var ki, bunlar "İldırım" adlandırılır və bu, əslində "Barak" sözünün ivritdən tərcüməsi ilə eyni mənanı verir. Həmin komplekslər rəqibin təyyarələrinin ələ keçirilməsi, eyni zamanda dənizdən və qurudan buraxılmış raketlərin vurularaq məhv edilmsi məqsədini güdür. Onlar hava hədəflərini səs sürətindən aşağı və yüksək sürətlərdə hərəkət edərək, ən müxtəlif hündürlükdə və məsafədə vururlar. Raket iki pilləlidir və bərk yanacaqla işləyir, 4,5 metr uzunluğa malikdir və aktiv özüyönləndirmə sistemi ilə təchiz olunub.

İsrailin ən iri özəl şirkəti olan "Elbit Systems" Azərbaycana məxsus bir neçə T-72 tankını modernləşdirib. Maraqlıdır ki, tenderdə İsrail şirkətindən əlavə, Türkiyənin "Aselsan" şirkətinin də iştirak etməsinə baxmayaraq, Azərbaycan Müdafiə Nazirliyi üstünlüyü israillilərin təklifinə verib. Modernləşdirmə çərçivəsində "Elbit Systems" Azərbaycan tanklarında yeni atəşin idarə olunması sistemləri və müasir zireh quraşdırıb.

Elə həmin İsrail konserni Bakıya 120 millimetrlik özüyeriyən CARDOM (Computerised Autonomous Recoil Rapid Deployed Outrange Mortar - ingilis dilindən tərcümədə "artırılmış atəş məsafəsi olan, tez açılan kompüterləşdirilmiş avtonom minaatan") minaatanları ixrac edir. Bu minaatan müasir atəşin idarə olunması sisteminə, naviqasiya blokuna, avtomatik yönləndirmə sisteminə və özünəməxsus güc qurğusuna malikdir. Başqa adı ilə "Raduqa" adlandırılan bu minaatan müxtəlif tipli zirehli texnikaların döyüş bölməsində yerləşdirilmək üçün yararlıdır.

Azərbaycan Milli Ordusunun sərəncamına İsraildə istehsal edilmiş "Green Pine" ("Yaşıl şam") raket əleyhinə radiolokasiya sistemi də verilib. Bu sistem "Israel Aerospace Industries" konserninin törəmə strukturu olan "ELTA Systems" şirkəti tərəfindən istehsal olunub. Bu mobil radiolokasiya sistemi avtonom şəkildə rəqib tərəfindən radioelektron mübarizə vasitələrindən istifadə edildiyi şəraitdə onlarla taktiki ballistik raketi izləmək və aşkar etmək üçündür. Məqalənin müəllifi iddia edir ki, bu cür radiolokasiya stansiyalarından müəyyən qədəri Azərbaycan-İran sərhədində yerləşdirilib.