Vyana görüşü müəyyən ümidlər yaradıb


Siyasət 31 Mar 2019 14:46:00 268 0

Vyana görüşü müəyyən ümidlər yaradıb

"Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Vyanada keçirilən görüş ilk növbədə danışıqlar prosesinin intensiv xarakter alacağına ümid yaradır. Bu isə münaqişənin tənzimlənməsi ilə bağlı prosesin növbəti - real həll mexanizmlərinin tətbiq ediləcəyi mərhələyə daşınması baxımından önəmlidir".

Bu barədə Son.az-a açıqlamasında tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.  

Onun fikrincə, Vyana görüşü digər tərəfdən Ermənistanın Baş nazirinin öz opponentlərini susdurmaq, danışıqlar prosesinin mümkün qədər uzadılması, status-kvonun qorunub saxlanılması məqsədilə gündəmə daşımaq istədiyi bir sıra məqamların, o cümlədən işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı iddialarının üzərindən xətt çəkir: "Doğrudur, Paşinyanın separatçı rejimlə bağlı ritorik iddialarından sonra Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bir neçə görüş keçirilib. Lakin Nikol Paşinyan bu görüşlərin qeyri-rəsmi formatda keçirilməsindən istifadə edərək, guya separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı iddialarından geri çəkilmədiyini nümayiş etdirməyə çalışırdı. Vyanada keçirilən görüş isə rəsmi xarakter daşıdığından artıq Ermənistanın Baş nazirinin qanunsuz rejimlə bağlı manevr imkanları dalana dirənib və bu iddiaların yenidən səsləndirilməsi Paşinyanı və təbii ki, rəsmi İrəvanı daha çətin duruma sala bilər. Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı ənənəvi formatda rəsmi görüşə qatılması onun Azərbaycanın mövqeyi ilə barışması və geri çəkilməsi deməkdir". 

E.Mirzəbəyli hesab edir ki, Vyana görüşündə humanitar tədbirlərin keçirilməsi ilə bağlı razılığın əldə olunması da, Ermənistanın daha bir addım geriyə çəkilməsi kimi qəbul edilə bilər: "Humanitar tədbirlər" kifayət qədər geniş anlayış olsa da, bu anlayışın içərisində hansı məqamların yer aldığını təxmin etmək mümkündür. Çox güman ki, burada söhbət əsir və girovların Azərbaycanın təklif etdiyi kimi "hamının hamıya" prinsipi əsasında dəyişməsindən, icmalar arası görüşlərin təşkilindən və digər humanitar məqsədli tədbirlərin həyata keçirilməsindən gedir. 

Bu məqam Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində də öz əksini tapıb. Cənab Prezident qeyd edib ki, danışıqlar prosesi həm də humanitar aksiyalarla dəstəklənməlidir. 

Prezident İlham Əliyevin danışıqlar prosesinə yeni təkan verildiyini qeyd etməsi də konstruktiv və pozitiv atmosferə işarə kimi də qəbul edilə bilər. 

Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də, rəsmi Bakı üçün beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsinin ön sırada dayandığının vurğulanmasıdır. Prezident İlham Əliyevin danışıqlardan dərhal sonra belə bir bəyanatla çıxış etməsi prosesin məhz Azərbaycanın qəbul edə biləcəyi həll variantı üzərində davam etdirilidiyini sübuta yetirir".

İlkin İzzət Son.az