Uşaqlar yazda niyə xəstələnir?


Digərləri 30 Mar 2019 20:15:00 238 0

Uşaqlar yazda niyə xəstələnir?

Havalar soyuyanda, qış aylarında uşaqların xəstələnməsi nisbətən adi qarşılanır. Demək olar ki, bütün analar infeksiyanı havanın soyuqluğu, soyuqdəymə və mikrobla əlaqələndirirlər. Bəs havalar isinəndə necə? Yaz-yay aylarında uşaqlar tətilə getdiyi, hava isti olduğu halda yüksək hərarət, qızdırma, öskürək, boğaz ağrıları müşahidə edilir. Bunun səbəbi nədir?

Son.az e-tibb.az-a istinadən türkiyəli allerqoloq Yonca Tabakın bu barədə fikirlərini təqdim edir.

Həkim bildirir ki, həqiqətən də qış ayları virusların asanlıqla yayıldığı dövrdür. Məktəb kimi qapalı mühitlərdə viruslar yayıldığından uşaqlar daha tez xəstələnirlər. Amma yazda uşaqların xəstələnməsi virusla bağlı olmaya bilir: "Hər xəstəlik virus qaynaqlı deyil və soyuqlama başqa uşaqdan mikroba yoluxma nəticəsində yaranmır. Üstəlik, havanın isti olduğu vaxtlarda badamcıq iltihabı çox zaman virus deyil, bakteriya dediyimiz, antibiotiksiz keçmə ehtimalı aşağı olan mikrobun fəaliyyəti nəticəsində meydana çıxır. Bu bakteriya çox vaxt bizim öz bədənimizdə onsuz da olan, səssiz-sədasız gözləyən bir bakteriyadır. İnsanın ağız və boğaz yolunda milyonlarla bakteriya yaşayır. Bunların bəziləri xəstəlik yaratma potensialına malikdir, bir çoxu isə "sağlam flora bakteriyaları" dediyimiz xəstəlik yaratmayan, tam əksinə, xəstəliklərin qarşısını alan mikroblardı. Bu dost bakteriyalarla xəstəlik yaradanlar arasındakı tarazlıq qorunduğu müddətdə problem ortaya çıxmır. Lakin hər hansı formada dost bakteriyalar zərər görür və xəstəlik yaradanlar fəaliyyətə keçir. Bax, bu zaman problemlər yaranır. Xaricdən mikrob qəbul etmədən belə, öz mikrobumuzla xəstələnirik".