Dövlət Təhlükəsizliyi Xidmətində 1918ci il azərbaycanlıların soyqırımı anılıb


Digərləri 30 Mar 2019 18:30:00 253 0

Dövlət Təhlükəsizliyi Xidmətində 1918ci il azərbaycanlıların soyqırımı anılıb

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 1918-ci il azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, struktur bölmələrində 1918-ci il azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə əlaqədar anım keçirilən tədbirlərdə tariximizin ən faciəli səhifələrindən olan mart soyqırımından, eləcə də erməni millətçilərinin və terrorçu-daşnak qüvvələrinin xalqımıza qarşı ardıcıl amansızlıqla törətdikləri digər dəhşətli qətliamlardan danışılıb.

Çıxışlarda qeyd olunub ki, məhz Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 21 ildir ki, 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir. Vurğulanıb ki, erməni millətçilərinin, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əsrin əvvələrində xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalayıb.

Bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatları tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilmiş, çoxlu sayda insan itkin düşmüş, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb.