“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”


Digərləri 30 Mar 2019 11:30:00 217 0

“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”

Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə, daha 29-nun xəsarət almasına səbəb olan yanğınla bağlı məhkəmə araşdırmaları başa çatmaq üzrədir.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu hadisəyə görə dörd nəfər təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılsa da, onlardan ancaq biri - Məhəmməd Məmmədov yanğını törətməkdə ittiham olunur. 64 yaşlı Məhəmməd Məmmədov isə 8 aydır davam edən məhkəmənin ilk günündən yanğını törətmədiyini, həbs olunarkən təzyiqə məruz qaldığına görə etirafedici ifadəyə imza atdığını bildirir.

İttihama əsasən, spirtli içki aludəçisi olan Məhəmməd Məmmədovu oğlu Vahid rüşvət verərək illərdir Narkoloji Mərkəzdə saxlatdırıb. O, vaxtaşırı evə buraxılsa da, bir müddət sonra oğlu yenidən onu Mərkəzə yerləşdirirmiş. Sonuncu dəfə ötən il martın 1-də Məhəmməd Məmmədovun orada saxlanma müddəti başa çatsa da, tibb bacısından öyrənib ki, vaxtı yenə uzadılıb. Bundan əsəbiləşən Məhəmməd Məmmədov martın 2-də səhər saat 6 radələrində intihar etmək məqsədilə üstündəki yorğanı yandırıb. Ancaq dərhal da fikrindən daşınıb və yorğanı yerə atıb. Nəticədə alov ətrafı bürüyüb və bütün korpus yanıb.

Məhəmməd Məmmədov isə ittihamda yazılanları təkzib edir və yalan olduğunu bildirir.

Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Aprelin 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha hakimlərə müraciət edərək, günahsız olduğunu bildirib. Məhkəmədə ağlayaraq danışan Məhəmməd Məmmədov bildirib ki, kimsəsiz olduğuna görə onu qurban seçib, törətmədiyi əməli onun boynuna qoyublar: "Möhtərəm hakim, sizə yalvarıram, məni bu bəladan qurtarın. Hamı bilir ki, bunu mən eləməmişəm. Kimsə günahkar olmalıdır, adamım olmadığına görə məni seçiblər. Mən Mərkəzdə olanda bütün günü həyətdə "svarka", başqa təmir işlərini görürdüm. Baş həkim də Allah şahididir. 54 xəstənin işi mənə tapşırılmışdı. İndi necə oldu ki, mən təhlükəli adam oldum? Orada bir nəfərlə də problemim, söz-söhbətim olmayıb. Allah da bu ədalətsizliyi götürməz. Mənim adamım yoxdur, kimsəsizəm deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar".


Xəbərə aid foto