NASAnın missiyası yeni planetlər kəşf edib


Digərləri 29 Mar 2019 21:38:00 223 0

NASAnın missiyası yeni planetlər kəşf edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ötən ilin iyul ayından kosmosu müşahidə edən planet kəşfi üzrə TESS missiyası inanılmaz kəşflərə imza atıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvar ayında bu missiya tərəfindən 3 ekzoplanet aşkar olunub. Son kəşf isə Saturnun ölçüsündə olan və NASA-nın "qızmar Saturn" adlandırdığı planetdir. Planet barədə məlumatlar The Astronomical Journal nəşrində dərc olunacaq.

Bu kəşflə yanaşı, asteroseysmoloqlar yeni planetlərdə və ulduzlarda "ulduz zəlzələsi" adlanan prosesi də öyrənirlər. Onlar ulduzların yaşını müəyyən edə bilir, həmçinin onların çəkisi və radiusunu da ölçürlər. Astronomlar müəyyən ediblər ki, kiçik planetlərin radiusu Yer kürəsindən doqquz dəfə, çəkisi isə 60 dəfə artıqdır. Uzaq ulduzların Günəşdən 5 milyard il daha qədim və böyük olduğu da aşkar edilib.

Ayova Dövlət Universitetinin professoru Stiv Kavalerin sözlərinə görə, TESS missiyasının kəşfləri təkcə yeni planet və ulduzların üzə çıxarılması deyil, həm də Yerin və Günəşin gələcəyinin öyrənilməsi baxımından əhəmiyyətlidir. O əlavə edib ki, bu proqram Kepler kosmik teleskopu vasitəsilə astronomiya elminə böyük töhfələr verib. TESS çərçivəsində teleskopun əhatə dairəsindən 400 dəfə geniş fəza müşahidə olunub, 200 mindən çox yaxın parlaq ulduz qeydə alınıb. Tədqiq edilmiş 1822 ulduzun olduğu kataloq Astrophysical Journal Letters nəşrində dərc edilib. Yaşayış üçün münbit şərait olması ehtimal edilən göy cisimləri "Goldilocks" zonası adlandırılıb. Əsas meyar isə bu planetlərdə suyun olmasıdır.