Gömrükçülər Biləsuvarda vətəndaşı döyüb?


Digərləri 29 Mar 2019 19:04:00 242 0

Gömrükçülər Biləsuvarda vətəndaşı döyüb?

Azərbaycanda gömrük keçid məntəqəsində vətəndaşın döyüldüyünə dair xəbər və videogörüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatda iddia olunur ki, gömrük işçiləri narazı vətəndaşı "Biləsuvar" gömrük postundan çıxarmağa çalışırlar. Lakin vətəndaş otaqdan çıxmaq istəmədikdə ona qarşı güc tətbiq edirlər. 

Dövlət Gömrük Komitəsi videogörüntülərə münasibət bildirib.

Son.az xəbər verir ki, DGK-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videotəsvirlərdə əks olunan hadisə bu il martın 19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda Biləsuvar rayon sakini Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq, gömrük qanunvericiliyini və ictimai asayişi pozma cəhdi nəticəsində baş verib.

Postun idxal-piyada xəttinə daxil olan Niyaməddin Əbdürrəhmanovun gətirdiyi mallara gömrük baxışı zamanı onun bu il mart ayının 14-də də ölkə ərazisinə ərzaq məhsulları və tütün məmulatları gətirdiyi müəyyən edilib.

Buna görə də həmin şəxsə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən müəyyən olunmuş miqdardan artıq mal gətirdiyi bildirilib və qanunvericiliyə əsasən normadan artıq olan malların saxlanca verilməsi təklif olunub.

Dəfələrlə aparılan izahat işlərinə baxmayaraq gömrükçülərin haqlı tələblərinə məhəl qoymayan şəxs onları nalayiq ifadələrlə təhqir edib, soyuq silah - bıçaqla əvvəlcə özünə xəsarət yetirəcəyini bildirib, daha sonra postda xidmət aparan gömrük əməkdaşlarına fiziki təzyiq göstərib.

Üstəlik, həmin şəxs hadisə zamanı idxal-sərnişin xəttindəki vətəndaşları da gömrükçülərə qarşı etiraza çağırıb və bir müddət gömrük postunun fəaliyyət rejimini pozub.

Bu səbəbdən gömrük əməkdaşları qanunvericiliyə uyğun olaraq həmin şəxsi məcburi qaydada piyada-idxal xəttindən uzaqlaşdırıb və bu zaman həmin şəxsə qarşı fiziki zərbə və ya digər hərəkət tətbiq edilməyib.