Barselona Avropada yeni superkompüter yaratmaq iddiasındadır


Digərləri 29 Mar 2019 08:04:00 202 0

Barselona Avropada yeni superkompüter yaratmaq iddiasındadır

Avropa Komissiyası Avropa qitəsinin gələcəyi üçün çox vacib olan superkompüterlər yaradılması sektorunu maliyyələşdirə bilən investorlar tapmaq məqsədilə müsabiqə elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, milli superkompüter mərkəzi (Barcelona Supercomputing Center) aprel ayında Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilmə şərti ilə yeni superkompüter yaradılması üçün öz namizədliyini təqdim etməyə hazırlaşır. Elmi mərkəzdə bildiriblər ki, mövcud avadanlığın yeniləşdirilməsi və "MareNostrum 5" adlı superkompüter yaradılması üçün sifariş vermək qərara alınıb.

Avropa Komissiyası "Horizon 2020" proqramı çərçivəsində azı iki superkompüterin maliyyələşdirilməsi üçün 250 milyon avro məbləğində vəsait ayırmağa hazır olduğunu bildirib. 2021-ci il yanvarın 1-dək istifadəyə verilməli olan bu superkompüterlərin hesablama gücü 150 petaflopsa bərabər olmalı, yəni saniyədə 150 kvadrilyon əməliyyat aparmağa imkan verməlidir. Bu məhsuldarlıq Barcelona Supercomputing Center mərkəzində quraşdırılmış "MareNostrum 4" adlı superkompüterin gücündən 20 dəfə çoxdur.